Sabirabad MRX: "Məlumat böhtan xarakterlidir”

14 Noyabr 2012 17:25 (UTC+04:00)

Son günlər bəzi mətbuat orqanlarında Sabirabad Mərkəzi Rayon Xəstəxanası (MRX) ilə bağlı məlumatlar dərc edilir. Adıçəkilən qurumdan SİA-ya bildirilib ki, bu məlumatılar yalan və böhtan xarakterlidir.

"Rayonun Cavad kəndinin sakini Bağırova Nigar Saday qızı 24.10.2012-ci ildə Sabirabad MRX-in cərrahiyyə şöbəsinə sol said nahiyəsində qanaxmaya malik 2-3 sm ölçüdə yara diaqnozu ilə müraciət edib. Şöbədə ona həkim cərrah Nizami Adışov tərəfindən tibbi yardım göstərilib, xəstənin yarası I-li işarələnərək xəstə üzərində heç bir cərrahi əməliyyat aparılmayıb, yalnız qanaxmanı saxlamaq məqsədilə iki ədəd tikiş qoyulub. Nəticədə qanaxma dayanıb. Lakin 25.10.2012-ci ildə N.Bağırovanın yarasında yenidən qanaxma başlayıb. Yara yenidən işlənərək tikiş qoyulub və xəstənin Bakı şəhərində müalicə olunması məsləhət görülərək göndərilib", - rayon xəstəxanasından verilən məlumatda deyilir.

MRX-dən bildirilir ki, N.Bağırovanın özündən və qohumlarından heç bir pul vəsaiti tələb edilməyib və alınmayıb: "Onun müraciətləri böhtan xarakterlidir".