Deyirlər, "Dəli quyuya bir daş atdı, min ağıllı onu çıxarda bilmədi". İlk baxışdan düşünmək olar ki, bu misalda nə qeyri-adilik var ki? Dəlidir də, səhv edib quyuya daş atıb. Əgər bu daş prinsipial əhəmiyyət daşıyırsa, min nəfərin bu daşı çıxartmaq üçün düşünməsinə ehtiyac yoxdur. Müxtəlif texniki avadanlıqlardan istifadə etməklə, bir nəfər quyuya enib, həmin daşı yuxarı qaldıra bilər. Amma dərinliyə varıb, fikrin sətraltı ifadələrini analiz etdikdə bu məsələdə çox böyük düşündürücü mənaların olduğunu başa düşmək olar. Ən azı o mənadaki bir nəfərin səhv addımı və ya məsuliyyətsiz fikirləri nəticəsində yüzlərlə insanın əziyyət çəkməsinə səbəb olur.
Necə ki, 21 dekabrda dünyanın dağılacağı ilə bağlı yayılan məlumatın insanlar arasında vahimə yaratmasıdır. Nədi-nədi tibetli Dalay Lama deyib ki, 2012-ci ilin dekabrın 21-də saat 21.34-də dünya bir neçə gün qaranlıqlara qərq olacaq. Hətta iddia olunub ki, dünyanın qaranlıqlara qərq olunması zamanı indiki dünya əhalisinin 10 faizi məhv olacaq. Bu məsələyə Nassanın və dinin necə şərh verdiyini kənara qoyuram. Daha doğrusu, dəlinin quyuya daş atamsına bənzəyən bu məsələyə münasibəti bir qədər sonraya saxlayıram. Görün, dünyanın dağılacağı ilə bağlı yayılan məlumatdan sonra, insanlar hansı addımlar atıblar. Kimisi 21 dekabra hazırlıq görmək üçün konserva, kolbasa, balıq məhsulları yığırsa, kimlərsə şam və qara parçalar toplayırlar.
O gün isə maraqlı bir səhnə ilə qarşılaşdıq. Belə ki, istirahət günü Bakıdan rayona gedərkən kənd yolunda rayon mərkəzinə gedən Molla Səlimin oğlu Cəlillə qarşılaşdım. İlin, günün, payızın bu vaxtında uşağın tək-tənaha rayon mərkəzinə getməsi məni çox təəccübləndirdi. Siqnal verib, onu yanıma çağırdım. Hara getməsi ilə maraqlandım. Uşaq "bazara tomat almağa gedirəm"- deyə bildirdi. Əvvəl fikirləşdim ki, yəqin tomat xörək bişirmək üçün lazımdır. Bunu bilə-bilə yenə sual etdikdə uşaq "babam deyir ki, dünya qaranlığa qərq olacaq ona görə, tomat alıb hazırlıq görmək lazımdır". Bir qədər də, sual cavabdan sonra məlum oldu ki, uşaq bazardan 20-25 banka tomat almaq tapşırığı alıb. Qısası, uşağı maşına mindirib kəndə gətirdim, atası ilə görüşüb elə yalan-palanlara, mövhumata aldanmamağı tövsiyə etdim. Dediklərim deyəsən, Molla Səlimin beyninə batmamışdı. Çünki ondan aralanandan sonra eşitdiyim söz o oldu ki, "a bala, sabah gedib, tomatları alarsan".
Bütün bunlardan sonra, o qənaətə gəlmək olar ki, tibetli Dalay Lamanın məsuliyyətsiz şəkildə dediyi bir fikir artıq beyinlərə nüfuz edib. Onu dəyişmək, beyinlərdən silmək də yəqin ki, mümkün deyil. Amma deyəcəyim bir şey var ki, bu tibetli Dalay Lamanın mafioz qüvvələrlə iş birliyində olması şübhələri var. Çünki bu məlumatın açıqlanmasından sonra dünyada məişət avadanlıqlarının və ərzaq məhsullarının qiymətlərində yüksək artım müşahidə edilib. Yəqin ki, Tibetdən didərgin düşüb Almaniyada məskunlaşan Dalay Lama bu fədakarlığına görə, mafioz qüvvələr tərəfindən böyük məbləğdə mükafatlandırılıb. Əslində, Maya təqviminə və ya Dalay Lama iddialarına əsasən dünyanın dağılacağı fikri cəfəngiyyatdan başqa bir şey deyil. Bəli, dekabrın ikinci ongünlüyündən sonra Yer kürəsində ki, insan həyatının altıncı beş minillik dövrü başlayır. Yəni, beşinci beş minillik tarix başa çatır. Bu nöqteyi-nəzərdən yeni dövrün ilk günlərində və ya aylarında təlatümlərin olması mümkündür. Nəzərə almaq lazımdır ki, son illər dünyanın müxtəlif nöqtələrində kütləvi insan təlafatı ilə nəticələnən zəlzələlər, sunamilər baş verir. Elə bu yaxınlarda ABŞ-da baş verən Katrina, daha sonra Sidney qasırğaları zamanı bir şəhər su altında qaldı, onlarla insan isə həyatını itirmiş oldu. Yaponiyada baş verən zəlzələ, ondan əvvəl isə İndoneziyada müşahidə olunan sunami altıncı beşminillik dövrün başlanğıcı ərəfəsində təlatümlərin baş verməsinin göstərici sayıla bilər.
Bundan sonra da, təbiət hadisələrinin baş verəcəyi qaçılmazdır. Amma məhz 21 dekabr 2012-ci ildə dünyanın qaranlığa qərq olacağı hadisəsi baş verməyəcək. Ona görə də qara parça, şam, eləcə də, tomat almaq lazım deyil.