Ağır sınaqlardan uğurla çıxmış partiya - YAP

13 Noyabr 2012 14:16 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının Qadınlar Məclisi hakim partiyanın 20 illik yubileyinə həsr olunmuş tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzülüb. Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı Qadınlar Məclisinin sədri, professor Nübar Muxtarova ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın quruculuğundakı rolundan danışıb.

Onun sözlərinə görə, ulu öndərin dövlətçilik strategiyasının həyata keçirilməsində qadınların rolu, onların ictimai-siyasi fəallığının artırılması istiqamətində görülən işlər danılmazdır: "Ölkəmizi ağır sınaqlardan uğurla çıxarmış ulu öndərin dövlət siyasəti bu gün cənab prezident İlham Əliyev tərəfindən davam etdirilir. Hakim partiyanın gender bərabərliyinə önəm verməsi də ulu öndərin siyasətinin müsbət istiqamətdə inkişafından xəbər verir".

Daha sonra tədbir iştirakçıları ölkəmizin dünyaya tanıdılması istiqamətində böyük işlər görən Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrələrindən danışıb.