200-ə yaxın insan qan verdi YENİLƏNİB

13 Noyabr 2012 13:19 (UTC+04:00)

Bu gün Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin (RİTN) Yeni Azərbaycan Partiyası (YAP) ilk ərazi təşkilatının təşkilatçılığı ilə YAP-ın yaradılmasının 20-ci ildönümü münasibətilə qanvermə aksiyası keçirilib. Aksiyada 200-dən artıq insan qan verib. SİA-nın xəbərinə görə, RİTN YAP ilk ərazi təşkilatının sədri İlham Mərdanovun Səstv-yə verdiyi məlumata görə, aksiya YAP-ın yaradılmasının 20 illiyinə həsr olunub: "Məlum məsələdir ki, Azərbaycanın bütün regionlarında hakim partiyanın ildönümü ilə bağlı tədbirlər keçirilir. Həmin insanlar könüllü surətdə heç bir təzyiq olmadan burada böyük fəalllıqla iştirak edirlər. Nəinki RİTN-də, digər idarə, müəssisə orqanlarında da qanvermə aksiyası keçirilir. Bu kimi aksiyalar idarə tərəfindən hər il davam etdirilir".

YAP GB-nin sədri Seymur Orucov isə bildirib ki, həmin aksiyada iştirak edən 200-dən artıq insanın 70 faizini məhz gənclər təşkil edir: "Bu onu göstərir ki, YAP-a üzv olan gənclər daimi olaraq sosial proseslərdə, layihələrdə hər zaman aktiv iştirak ediblər. Həmin gənclərin verdikləri qan isə ehtiyacı olan bir çox insanın həyatını xilas edəcək. YAP hər zaman bu cür sosial layihələrə dəstək verib. Ümumilikdə, bu gün RİTN-in 3 böyük idarəsində belə tədbirlər həyata keçirilir. Biz onları müəyyən qruplara ayırmışıq ki, sıxlıq olmasın. Sonda isə həmin qanlar Səhiyyə Nazirliyi Mərkəzi Qan Bankına təqdim olunacaq ki, buradan da ehtiyacı olanlara təqdim edilsin".

Qeyd edək ki, bu kimi aksiyalar RİTN tərəfindən ildə 2 dəfə təşkil edilir.