Qəbələnin inzibati ərazisi genişləndiriləcək

13 Noyabr 2012 12:13 (UTC+04:00)

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda "Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə olunub.

Komitə sədri Arif Rəhimzadə layihənin əhəmiyyəti barədə məlumat verərək bildirib ki, layihəyəyə əsasən Qəbələ rayonunun Soltannuxa kəndinin ərazisindən 144,97 hektar (bunun 22,70 ha dövlət mülkiyyəti, 112,39 ha bələdiyyə mülkiyyəti, 9,88 ha xüsusi mülkiyyətindədir), eləcə də Qəbələ şəhərinə bitişik dövlət mülkiyyətində olan 1950,35 hektar torpaq sahəsinin Qəbələ şəhərinin inzibati ərazisinə verilməsi nəzərdə tutulub.

Komitə sədrinin müavini Fəttah Heydərov isə çıxışında qeyd edib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramına uyğun olaraq respublikanın hər yerində olduğu kimi, Qəbələ rayonunda da tikinti-quruculuq işləri həyata keçirilir. Qəbələdə yeni infrastruktur layihələri həyata keçirilir. Bu gün Qəbələ turizm bölgəsi kimi təkcə respublika əhalisinin deyil, regionun və dünyanın diqqət mərkəzindədir. Qəbələdə beynəlxalq standartlara cavab verən hava limanının istifadəyə verilməsi insanların bu bölgəyə gəlməsini daha da asanlaşdırıb. Bu gün müzakirəyə çıxarılan qanun layihəsi Qəbələ şəhərinin daha da genişlənməsinə, yeni infrastruktur layihələrinin həyata keçirilməsinə imkan verəcək.

Müzakirələr zamanı deputatlar layihənin əhəmiyyətindən danışıb, bu qərarın Qəbələnin inkişafında mühüm rol oynayacağını bildiriblər.

Sonda qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisə tövsiyə olunub.