Vicdana badalaq vuran...

13 Noyabr 2012 11:00 (UTC+04:00)

Və ya Mirisiz Şahinin "dişli-döşlü" TV-si

Bu zaman danışmaq yox, susmaq yerinə düşərdi. Ancaq hamı susandan və proseslər özünə ayrı əndazə tapandan sonra "ənənəvi Mirşahin"in ( Yardımlı əhli bu adama "cəddi qənim olmuş" və ya MİRİSİZŞAHİN" deyir) içi qısqanclıqla dolu "Hesabatı"na susmaq olmur. Çünki Bu "Hesabat"ın qolu ayağından uzun cümlələri ya həqiqəti əks etdirmir, ya da Mirşahinin "özünəməxsus" iddialarına növbəti dəfə "yox" cavabının verilməsi ilə bağlıdır. Əslində, Mirşahinə və onun kəllə-mayallaq "Hesabat"ına vaxtilə çox hörmətli akademikimiz Cəlal Əliyev ən düzgün, ətraflı, hələ də bir çoxlarının hafizələrindən silinməyəcək, ştamplı və dolğun qiyməti vermişdi. Başa qaxmaq olmasın, amma neyləyək, ştamplı və tarixi ifadələr heç vaxt unudulmur və yaddan çıxmır. ANS-in noyabrın 11-dəki "Hesabat"ına münasibət bildirmək üçün akademikimizin ifadəsindən başqa bir nəsnə ilə cavab vermək sadəcə özünüaldatmaq olardı. Mirşahin "Hesabat"da xalqın partiyasını - YAP-ı "dişsiz ahıllar klubu" adlandırır...(?!)

Bəs görəsən, Mirşahin "dişli" deyəndə nəyi nəzərdə tutur!? Bu da aydındır. Gərək efirdə dişli verilişlər olsun" deyən, daha sonra əndrabadi və millilikdən uzaq "ərəgetmə kompaniyası"na start verərək yaşlı qadınları, ruhi xəstələri efirə çıxarıb rüsvay edən Mirşahin, yəqin ki, "dişli" deyəndə, bu cür yüngülsayaq "Toy olsun" layihələrini nəzərdə tutur. Nə edək ki, Mirşahinin dişi iti olmadığından kimlərinsə ətindən yapışa bilməyib və öz dişlərini yenidən itiləmək əvəzinə başqalarına "dişsiz" deyib. Bəli, "dişli anlamı" Mirşahin üçün ideya qıtlığından özünün bütün milli dəyərlərini itirən verilişləri yayımlamaqla xalqın ailəsinə "açın qapını, Ulvira sizi ƏRƏ verəcək, Elgiz qızlara XONÇA tutacaq" deməkdir. Nəyə görə evdə qartıyıb qalan öz qohumlarını efirə çıxarıb ərə vermək istəməyən, əslində, bunu özlərinə sığışdırmayan mirşahinlər başqalarının ailələrini rüsvay edir!? Bax, "dişli" buna deyərlər, kim kimi istədi tutur orda. Özləri demişkən, nə versək hamı baxır. Amma dalınca nə deyirlər, bunu qulaqardına vurmaq da "peşəkar jurnalist"in böyüklüyündən xəbər verir, bunu da MirŞahinin "çooooox hörmətli" jurnalistləri demişkən, Mirşahin ahıllar adlandırdığı YAP-da 250 mindən artıq gənc var.

O ki qaldı "klub" anlayışına, gəlin ANS-in sözü olmasın, dəqiq, qərəzsiz, vicdanlı olaq. Azərbaycanın ən elitar insanları, ziyalıları, elm adamları, siyasətçiləri YAP-da cəmləşib. Ancaq axşamüstü ANS-in xəbərlər şöbəsinə girəndə, insan ora klub deməyə də utanır. "Biri bir qəpikdən olan söyüş"lərin müəllifi olan Mirşahin ünvan kimi gəncləri seçir. İnsan bilmir, bardadır, ...xanadadır, yoxsa TV-də..."

Mirşahin buyurub ərz edir ki, "Əli Əhmədovun, Bahar Muradovanın, Mübariz Qurbanlının, Aydın Mirzəzadənin və onlarla başqa YAP-çının opponentsiz uzun-uzadı çıxışları maraqsızdır." İncimə, Mirşahin, amma sənin əxlaqsızı efirə çıxarıb əxlaqdan danışdırmağın daha maraqsız və üfunətlidir. Televiziya anlamının "telekanalizasiya" ilə əvəz olunmasında sənin həqiqətən də müstəsna xidmətlərin var. Bax, bunu dəqiq, qərəzsiz və vicdanlı deyirəm. Bəli, sən dediyin kimi, dövlət başçısının xidmətləri insanda heç şübhə yaratmır ki, 2013-cü il prezident seçkilərində qalib məhz O olacaq. Ancaq unutma ki, ölkə başçısı həm də YAP-ın Sədridir! Sən həmişəki kimi ya qorxursan, ya da özünə əl yeri saxlayırsan. Çünki dəfələrlə dənizdə boğulmusan, sənə rəhmi gəlib əlindən tutub qaldıranlar olub. Unutma ki, YAP-ın da həyata keçirdiyi irimiqyaslı layihələr məhz partiya Sədrinin rəhbərliyi altında reallaşır. O zaman mən Mirşahin qərəzsizdir, ANS qərəzlisidir desəm düz olmaz. Çünki orda nə olursa, sənin rəhbərliyin və başçılığın altında baş tutur. Deməli, sən qərəzli olsan (necə ki, belədir) ANS də qərəzli olacaq, olmasan qərəzsiz.

Rəhmətlik Hacıbaba demişkən, "əlqərəzzz, bu adam haqqında, belə baxanda, heç danışmağa da dəyməz. Azərbaycan jurnalistikasına "küçə ləyaqəti"ni hopduran", "insana və vicdana badalaqvurma" elminin müəllifi", ingilis bayrağı kimi əshaəsdə olan bu adamdan obyektivlik ummaq Əlikram Hümbətovun "Talış-Muğan Respublikası"nı yenidən quraşdırmaq kimi bir şeydir.

P.S. Başqa məqsədim yoxdur, elə istədim Mirşahin əfəndinin "Hesabat"ına öz fikrimi ərz edim. Amma söhbət Mirşahinin şəxsən özündən, cəmiyyətdəki imicindən, "milli kimliyi"ndən, "xeyrixah" əməlləri"ndən getsə, zırpı bir dastan bağlamaq olar. Odur ki, inşaallah, bunu da yazmağa bir səbəb yaradar hörmətli" Mirşahin!