Cəllabadda gənc əsgərlər and içiblər

12 Noyabr 2012 17:39 (UTC+04:00)

Noyabrın 12-də Dövlət sərhəd xidmətinin Göytəpə sərhəd məntəqəsində andiçmə mərasimi keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, tədbir hərbi hissənin komandiri, polkovnik Mehman Yusifovun Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor Məhəmməd Abbasquliyevə məruzə etməsi ilə başlayıb. General-mayor M.Abbasquliyev şəxsi heyəti salamladıqdan sonra gənc sərhədçilər cərgə ilə meydana gələrək Vətənə sədaqət andı içiblər.

Sonra hərbi hissənin komandiri, polkovnik M.Yusifov Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin təbrik telefonoqramını şəxsi heyətə çatdırıb. Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin müşaiyəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunduqdan sonra Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor Məhəmməd Abbasquliyev və əsgər valideynləri çıxış edərək dövlət sərhədlərimizin mühafizəsi işində onlara uğurlar arzulayıblar. Çıxış edən gənc əsgərlər Vətən uğrunda hər an döyüşə hazır olduqlarını bildirblər.

S.Mirsəfəroğlu