“Apple” 21 milyon dollar ödədi

12 Noyabr 2012 16:39 (UTC+04:00)

"Apple" şirkəti mobil qurğularında İsveçrənin dəmir yolu saatlarının nümunəsindən istifadə etdiyinə görə İsveçrə Federal Dəmir Yolları (SBB) şirkətinə kompensasiya kimi 21 milyon dollar (SBB) ödəyib.

Qeyd edək ki, 2012-ci ilin sentyabrında "SBB" nümayəndələri "Apple" şirkətini əqli mülkiyyət hüquqlarını pozmaqda təqsirləndirmişdi. Belə ki, yeni "iOS 6" əməliyyat sistemində quraşdırılmış "Saat" tətbiqi isveçrəlilərin narazılığına səbəb olmuşdu. SİA-nın rus mətbuatına istinadən məlumatına görə, lisenziya sazişi oktyabrda bağlansa da, kompensasiyanın məbləği haqqında məlumat verilmirdi.

Məlumat üçün bildirək ki, məşhur saatın xarici görünüşü 1944-cü ildə hazırlanıb. O vaxtdan etibarən bu saatlar yalnız İsveçrədə deyil, həm də digər Avropa ölkələrinin vağzallarında geniş tətbiq olunur. Bəzi ekspertlər bu saatı "mükəmməl dizayn nümunəsi" adlandırırlar.