“BlackBerry” istifadəçiləri, ehtiyyatlı olun!

12 Noyabr 2012 16:12 (UTC+04:00)

"BlackBerry" smartfonlarının populyarlığı sürətlə azalır. Bunu həkimlər də təsdiq ediblər. SİA-nın məlumatına görə, Amerikanın Allerqoloqlar Cəmiyyətinin (ACAAI) alimləri smartfonların tərkibini allergen (kobalt və nikel) baxımından yoxlamaq qərarına gəliblər. Kanadanın "RIM" şirkətinin istehsal etdiyi aparatların allergiya yarada biləcəyi məlum olub.

"Tech.onliner.by" saytında yayılan məlumatda alimlərin sözlərinə görə, "BlackBerry" modellərinin 33 faizində nikel metalı mövcuddur. Bu metal ən məşhur allergenlərdən biridir: o, qadınların 17, kişilərin isə 3 faizində allergik reaksiya yaradır. Belə ki, Kanada smartfonu şiş, asqırma və qaşınma yarada bilər.

Bundan başqa bəzi "BlackBerry" modellərində kobalt aşkar edilib. "RIM" şirkətinin köhnə smartfonları daha təhlükəlidir, çünki onların hər birində nikel, 50 faizində isə kobalt mövcuddur. Həkimlər "iPhone" və "Android" platforması ilə işləyən smartfonlarda təhlükəli maddələr aşkar etməyiblər.