Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 20-ci ildönümü münasibətilə YAP Xətai rayon təşkilatında tədbir keçirilib. SİA-nın xəbərinə görə, yubiley tədbirində YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Xətai rayon bələdiyyəsinin sədri Ədalət Fərəcov və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyaraq dahi şəxsiyyətə dərin hörmət və ehtiramlarını bildiriblər. Sonra mərasim YAP Xətai rayon təşkilatının qərargahında davam etdirilib. Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov YAP-ın yaranma tarixindən, keçdiyi çətin, həm də şərəfli yoldan danışıb. Bildirilib ki, YAP-ın təsis konfransı ilk dəfə 1992-ci il 21 noyabrda Naxçıvan şəhərində keçirilib: "Təsis konfransında mühüm qərarlar, partiyanın proqram və nizamnaməsi qəbul olundu və Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçildi. Yeni Azərbaycan Partiyası ideoloji mərkəzi kimi Azərbaycanın siyasi həyatına daxil oldu. Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatına məhz Ulu Öndər Heydər Əliyev partiyası kimi daxil olması cəmiyyətimizdə bu partiyanın yerini müəyyənləşdirən ən başlıca amil oldu. Xalqımız Heydər Əliyev şəxsiyyəti və onun yaratdığı Yeni Azərbaycan Partiyasının ətrafında daha sıx birləşdi."
YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov isə söz alaraq tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının fəaliyyət göstərdiyi 20 il ərzində ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olunması üçün misilsiz xidmətlər göstərdiyini və iqtidar partiyası olaraq xalqın böyük rəğbətini qazandığını dilə gətirib. Qeyd olunub ki, partiyanın bütün üzvləri onun yaradıcısı və xalqımızın lideri olan Heydər Əliyevin ideyalarına daim sadiqlik nümayiş etdirib və onun göstərdiyi yolla irəliləyib: "Böyük şəxsiyyət və dahi insan Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti onun davamçısı, yeni əsrin lideri möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu gün çox böyük uğurla həyata keçirir".
H.Mirələmov partiya təşkilatının Xətai rayonunun ictimai-siyasi, sosial-iqtisadi həyatında da fəal iştirak etdiyini, rayon icra hakimiyyətinin həyata keçirdiyi tikinti, abadlıq və yenidənqurma işlərinə daim dəstək verdiyini bildirib.
YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov da çıxış edərək partiyanın 20 illik fəaliyyətinin əsas uğurlarından və qarşıda duran prioritet vəzifələrdən danışıb. Partiya sədri qeyd edib ki, Yeni Azərbaycan Partiyası üzərinə düşən tarixi missiyanı 20 ildir ləyaqətlə yerinə yetirir: "Müstəqil Azərbaycanın istər siyasi, istər iqtisadi uğurlarının demək olar ki, hamısı bu partiyanın liderləri ulu öndər Heydər Əliyev və cənab İlham Əliyevin adı ilə bağlıdır. Ölkəmizin beynəlxalq siyasi arenadakı nailiyyətlərinin artması,sosial-iqtisadi sahədə qazandığımız uğurlar partiyamızın ictimaiyyət arasında mövqeylərini də günü-gündən möhkəmləndirir. Bu uğurlarda Xətai rayon təşkilatının da öz payı var".
Ə.Əhmədov YAP Xətai rayon təşkilatının son illərdəki fəaliyyətinə yüksək qiymət verərək bildirib ki, bu gün bu rayonda icra strukturunun rəhbərliyi ilə partiya arasındakı birlik, səmimi və işgüzar münasibətlər heç də az əhəmiyyət kəsb etmir.
Tədbirin sonunda isə 30.10.2012-ci il tarixdə Heydər Əliyev adına liseydə Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü münasibətilə YAP Xətai rayon təşkilatının təşkilatçılığı ilə rayon məktəbliləri arasında "Heydər Əliyev Azərbaycan dövlətçiliyinin banisi və Azərbaycan xalqının əbədi lideridir" mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb və hakim partiyanın sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiyaya üzvlük vəsiqələri təqdim edilib.
Mərasimə isə ulu öndər Heydər Əliyevin tarixi şəxsiyyətinə həsr olunmuş filmin nümayişi ilə yekun vurulub.