"Vətəndaşların əksəriyyəti öz əmanətlərini alıblar". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramlı deyib.
Onun sözlərinə görə, ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2012-ci ilin iyunun1-dən etibarən paytaxt Bakıda və digər bölgələrdə yaradılan xüsusi məntəqələr vasitəsilə əhali öz əmanətlərini geri almaq üçün müraciət etmək imkanına malikdir və bu günə qədər də müraciətlər edilib: "Bu prosesin ilk aylarında və ilk günlərində çox növbələr müşahidə edilirdi. Vətəndaşların bir qismi daha qısa zamanda əmanətlərini geri almağa çalışırdılar. İndi bu vəziyyəti qiymətləndirsək artıq belə növbələr yoxdur. Artıq vətəndaşlarımız qısa zamanda və növbəsiz öz əmanətlərini almaq üçün müraciət etmək hüququna malikdirlər".
Ekspert qeyd edib ki, əmanətlərin qaytarılmasında məsul olan Kapital bankın məlumatına görə, artıq 500 milyon manatadək vəsait vətəndaşlara qaytarılıb: "Bu da o deməkdir ki, əmanətlərin geri qaytarılması üçün nəzərdə tutulan məbləğin yarısı ödənilib. Əmanətlərin qaytarılması ilə bağlı sənədlər 2012-ci ilin dekabrın 31-nə qədər qəbul olunacaq. Əmanətlərin qaytarılması ilə bağlı proses isə 2013-cü ilin dekabrın 31-nə qədər davam edəcək. Maliyyə Nazirliyinin, Kapital bankın və digər dövlət qurumlarının iştirakı ilə xüsusi komissiyalar yaradılıb. Vətəndaşlar bu komossiyalara əmanətlər qaytarılan zaman hər hansısa bir narazılıq olarsa müraciət edə bilərlər. Eyni zamanda əmanət kitabçaları itmiş və ya yararsız hala düşmüş vətəndaşlar da öz əmanətlərini almaq üçün xüsusi komissiyalara müraciət etməklə əmanətlərini ala bilərlər. Xüsusi komissiyalar 1 ay müddətində, xüsusi araşdırma tələb olunan hallarda isə 3 ay müddətində məsələnin həllini həyata keçirir".
Vüqar Bayramlı bildirib ki, bu gün vətəndaşları maraqlandıran əsas məsələlərdən biri də milliyətcə azərbaycanlı, lakin vətəndaşlığı xarici olan insanların əmanətlərini geri almasıdır. Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən etnik qrupundan və dini dəyərlərindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Sovet hakimiyyəti dövründə banklara qoyduqları əmanətlərini geri ala bilər.
Qeyd edək ki, 2013-cü ilin dövlət büdcəsində əmanətlərin geri qaytarılması üçün 500 milyon manat vəsait nəzərdə tutulub. 2013-cü ilin dekabrın 31-nə qədər isə əmanətlərin qaytarılmasının tamamilə başa çatması nəzərdə tutulub.