"Biz stəkanda fırtına qoparanları çox görmüşük"

8 Noyabr 2012 14:46 (UTC+04:00)

"Milli Məclisdə qanunlara əlavə və dəyişikliklərin edilməsi başlıca olaraq qanunu pozan insanlara istiqamətlənib". Bunu SİA-ya Millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda insan haqları qorunur və insan azadlıqlarına dövlət, konstitusiya, qanun təminatı var: "Azərbaycanda bütün azadlıqlar o cümlədən sərbəst toplaşmaq azadlığı qanunlar vasitəsilə tənzimlənir. Həmin qanunlara görə də istənilən təşkilat, partiya, istənilən cəmiyyət, şəxs, icma öz fikrini azad şəkildə ifadə edə bilər. Bununla belə, həmin dairələr mitinq, yürüş də keçirə bilər. Amma bu başqa vətəndaşların asayişinin, azadlıqlarının pozulması hesabına olmamalıdır. Bu yolverilməzdir".

M.Quliyev bildirib ki, biz qanun çərçivəsində belə tədbirlərin keçirilməsinə nəinki qarşıyıq, hətta buna dəstək veririk: "Biz istəyirik ki, Azərbaycanda demokratik ab-hava, vətəndaş cəmiyyəti bir az da olsa möhkəmlənsin. Biz sadəcə qanuna qarşı çıxanlara qarşıyıq. Parlamentdə tətbiq olunan cərimələrdə havadan götürülmüş məbləğlər deyil. Bu dünya ölkələri ilə təxminən orta bir məbləğdir. Elə ölkələr vardır ki, orda cərimələrin məbləği ümumilikdə 60 min ABŞ dolları təşkil edir. Əslində cərimə vətəndaşın cibinə uyğun deyil. Sadəcə bu qanunu pozmaqdan, çəkindirməkdən ötrüdür. Düşünürəm ki, vətəndaşlarımız da bu əlavə və dəyişiklikləri anlayışla qarşılayırlar. Ola bilər ki, bir neçə şəxs öz siyasi və şəxsi maraqları naminə və ya maliyyələşdirdikləri xarici qurumların istəyi ilə Azərbaycanda müəyyən hay-küy salmağa çalışırlar. Bunların hər biri boş şeylərdir. Biz stəkanda fırtına qoparanları çox görmüşük və stəkanın da gücünə bələdik".