Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Türk dövlət və cəmiyyətlərindən gələn jurnalist, yazar və siyasi icmalçılarla görüşüb, ətraflı fikir mübadiləsi aparıb. SİA-nın məlumatına görə, Türk Dünyasının müxtəlif bölgələrindən gəlmiş yeni nəsil aydınlarını Bakıda görməkdən məmnun olduğunu deyən xanım millət vəkili Q.Paşayeva türk xalqları arasında ictimai, ədəbi, mədəni bağların daha da möhkəmlənməsini yüksək dəyərləndirib.
Millət vəkili bildirib ki, ortaq dəyərlərə, ənənələrə və keçmişə sahib olan Türk xalqlar arasında bağların daha da sıxlaşması, ziyalılar arasında müxtəlif sahələrdə qarşılıqlı fikir mübadiləsinin aparılması olduqca vacib və əhəmiyyətlidir. Azərbaycana səfərə gəlmiş yazar və ziyalılara Dağlıq Qarabağ problemi və onun tarixi kökləri barədə geniş məlumatlar verən, millət vəkili deyib: "Bir türk xalqının, cəmiyyətinin problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyası ilə bağlı məsələlərdə bir-birimizə dəstək olmalıyıq".
Sabahdan onların cəbhə bölgələrində, Tovuzdan başlayaraq Ağdamda, Tərtərdə olacaqlarını vurğulayan millət vəkili, Q.Paşayeva bildirib ki, qonaqlar Dağlıq Qarabağ problemi ilə ətraflı tanış olacaq, cəbhəyanı ərazilərdə yaşayan soydaşlarımızın həyatı ilə daha yaxından tanış olub bu münaqişənin əsl səbəbi və həqiqətləri barədə yazılar yazacaqlar.
"Əminəm ki, siz hər şeydən əvvəl gördüklərinizi, həqiqətləri yazacaq, vətəninizə qayıdandan sonra öz xalqınıza yazılarınızla Dağlıq Qarabağ münaqişəsi barədə daha ətraflı və obyektiv məlumat verəcəksiniz", - deyə, millət vəkili bildirib.
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı qeyd edib ki, türksoylu ölkə və cəmiyyətlərdən qonaq gəlmiş yazarların yazıları rus və ingilis dillərində çap olunaraq ictimaiyyətə təqdim olunacaq.
Qonaqlar görüş zamanı Azərbaycanla, xüsusilə Bakı ilə bağlı öz təəssüratlarını bildirib və türk coğrafiyasında yaşayan xalq və topluluqlar arasında bağların möhkəmlənməsi və digər məsələlərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparmışlar. Sonda qonaqlar millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayevaya xatirə hədiyyələri təqdim etmiş, xatirə şəkilləri çəkdirmişlər.
Qeyd edək ki, noyabrın 11-nə kimi davam edən səfər çərçivəsində qonaqlar Azərbaycanın bir sıra bölgələrinə, o cümlədən Tovuz, Tərtər, Ağdam və Qubaya səfər edəcəklər.