Yeni dəyişiklik kimlərə sərf eləmir?

5 Noyabr 2012 17:14 (UTC+04:00)

Ötən həftə Milli Məclisdə "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişikliklər edildi. Yeni dəyişiklikər ətrafında müzakirələr isə gündəmin ən aktual mövzusuna çevrilib. Layihənin müəllifi deputat Rəfael Cəbrayılovun sözlərinə görə, dəyişikliklər hazırlanarkən 30-a qədər ölkənin təcrübəsi öyrənilib. Onu da qeyd edək dünya ölkələrinin bir çoxunda qanunsuz aksiya keçirənlər çox sərt formada cəzalandırılır. Misal üçün ABŞ, Böyük Britaniya, Fransa, İsveç, İsveçrə, Almaniyada və bir çox Avropa ölkələrində belə qanunsuz aksiyalara görə kifayət qədər sərt sanksiyalar, cərimələr tətbiq olunur.

Avropadan daha sərt tədbirlər

Sərt sanksiya və pul cərimələrindən başqa Avropada icazəsiz mitinqlərin qarşısını almaq üçün süvari polislərdən, itlərdən, su şırnaqlarından, gözyaşardıcı qazdan, rezin dəyənəklərdən, hətta bəzi hallarda odlu silahlardan istifadə olunur.

Ümumiyyətlə, nəinki Azərbaycanda, hətta dünyanın heç bir yerində kim harada, necə istəsə nümayiş və ya mitinq keçirə bilməz. Azərbaycanda kütləvi aksiyalar keçirmək üçün yerlər ayrılıb. Kütləvi etiraz aksiyaları məsələsində qanun pozuntularına görə cərimələrin artırılması üçün isə kifayət qədər əsas var. Bəzən nəzərdə tutulan cərimənin azlığından və sərt olmayan sanksiyalardan dağıdıcı qüvvələrin tapşırıqlarını yerinə yetirən adamlar yararlanmağa çalışır, din, azadlıq adı altında təxribatla məşğul olurlar. Bundan sonra bütün bu problemlər qanunla tənzimlənəcək və qanun qarşısında hər kəs cavabdehlik daşıyacaq. Qanunu pozanlara qarşı sərt sanksiyalar tətbiq olunacaq.

Dünya təcrübəsi

Dünya təcrübəsində də icazəsiz aksiyalara qarşı hər zaman sərt tədbirlər həyata keçirildiyini görmək mümkündür. 2011-ci il mart ayının 27-də Almaniyada təşkil olunan aksiyalarda polislə nümayişçilər arasında güclü toqquşmalar yaşanıb. Aksiyanı nəzarətdə saxlamaq üçün 4500 polis cəlb olunub. Toqquşmalarda 66 nəfər yaralanıb, 200 nəfər isə polis tərəfindən saxlanılıb.

Həmin il iyul ayının 9-da Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində müxalifət qüvvələrinin keçirdiyi etiraz aksiyası zamanı polis əməkdaşları mitinqin 514 iştirakçısını həbs edib. Ölkənin baş naziri Nəcib Razakın administrasiyasının inzibati binası qarşısına toplaşan mitinq iştirakçıları ilə polis əməkdaşları arasında baş vermiş toqquşma zamanı aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə olunub. Bundan bir gün öncə isə hüquq-mühafizə orqanları ölkə üzrə 200-dək müxalifətçini saxlayaraq həbs edib.

2012-ci ilin mart ayının 5-də Moskva milisi şəhərin mərkəzində icazəsiz aksiya keçirmək istəyən ümumilikdə təxminən 250 şəxsi saxlayıb. Onlar milis şöbələrinə aparılıblar. Bu ilin may ayının 6-da Rusiyanın paytaxtı Bolotnaya meydanındakı aksiyanı dağıdan milis 400 aksiyaçını saxlayıb. Həbs olunanlar arasında müxalifət liderləri Sergey Udaltsov, Aleksey Navalny və Boris Nemtsov da olub. Yerli və xarici mətbuatda dərc olunan xəbərlərdə milisin aksiyaçılarla olduqca amansız davrandığı deyilir.

ABŞ-da kütləvi həbslər

ABŞ-da icazəsiz aksiyalara qarşı hökumət tərəfindən sərt tədbirlər görülür.

"The New York Times" qəzeti yazır ki, "Wall Street"-i işğal et!" aksiyasının başlanmasından 2 ay ötməsini Nyu-Yorkda qeyd etmək istəyən aksiyaçılara polis mane olub. Qəzeti yazır ki, aksiyalar nəticəsində 7-si polis əməkdaşı olmaqla 17 nəfər xəsarət alıb. Ən az 200 nəfər həbs edilib.

2011-ci ilin dekabr ayında isə Los-Anceles şəhərində "Wall Street-i işğal et" hərəkatının fəalları kütləvi şəkildə həbs olunub. Polis nümayişçilərin çadır düşərgəsini dağıdıb və 200-dən çox nümayişçini həbs edib. Analoji reyd Filadelfiya şəhərində də keçirilib. Burada "Wall Street-i işğal et" hərəkatının 50 tərəfdarı həbs edilib.

2012-ci il yanvarın 2-də Nyu Yorkda Aşağı Mənhettanda Zukotti parkında "Wall Street-i işğal et!" hərəkatının iştirakçıları, yeni ilin gəlişini etiraz aksiyası ilə qeyd edən 200-dək nümayişçidən 68-i həbs olunub.

Yunanıstanda səngiməyən iğtişaşlar

2012-ci ildə də Yunanıstanda iğtişaşlar səngiməyib. Etiraz aksiyalarında polislə nümayişçilər arasındakı qarşıdurmalarda onlarla insan yaralanıb və ya həbs olunub. Fevralın 2-də Yunanıstanda baş qaldıran növbəti etiraz dalğasında polis 140 nəfəri həbs edib. Təkcə paytaxt Afinada təşkil edilmiş kütləvi nümayişi zamanı 48 nəfər saxlanılıb və 25 nəfər xəsarət alıb. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və işıq-səs qumbarasından istifadə edib.

Mayın 11-də isə Yunanıstanda ümumi tətili keçirən işçilərin yürüşü zamanı polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Aksiyadan sonra internetdə 3 polis əməkdaşının nümayişçiləri döydüyünü əks etdirən videogörüntülər yayımlanıb.

Aprel ayının 18-də Bəhreyndə təhlükəsizlik qüvvələri paytaxt Manamada hökumət əleyhinə etiraz aksiyası zamanı azı 80 müxalifət fəalını həbs edib.

2012-ci ilin sentyabr ayının 26-da İspaniyanın paytaxtı Madriddə də hökumət əleyhinə keçirilən etiraz aksiyasında kütləvi qarşıdurma nəticəsində 50 nəfər xəsarət alıb, 36 aksiyaçı saxlanılıb.

Oktyabrın 4-də isə İran paytaxtında keçirilən kütləvi etiraz aksiyasında 150 nəfər həbs edilib. Aksiyaya müdaxilə edən polis gözyaşardıcı qazdan və rezin dəyənəklərdən istifadə edib.

Azərbaycan polis mədəni davranır

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov vurğulayıb ki, vətəndaş qeyri-qanuni aksiyalardan uzaqlaşdırılmalıdır. Onun sözlərinə görə, hüquqlar digərlərinin hüququ pozulan zaman məhdudlaşdırılır: "Aksiyalar keçirmək üçün yerlər müəyyənləşdirilib. Ancaq bəziləri elektoratları olmadığını görə vətəndaşların olduğu yerlərdə aksiyalar keçirməyə, aksiyaya daxil olmayan insanların şəkillərini çəkib Avropadakı ağalarına göstərmək istəyirlər. Avropaya gəlincə, Yunanıstanda biri polis atının dırnaqları altında qaldı, 3 qabırğası əldən getdi. Beynəlxalq təşkilatlara gəlincə, onları da gördük. Ramil Səfərov qanuni əfv olundu, hərəsi bir bəyanat verdi. ABŞ-da qanunsuz aksiya keçirənlərin əllərini bağlayıb, diz üstə çökdürdürlər. Böyük Britaniyada isə baş nazir qanunsuz aksiyalara görə cəzaların sərtləşdirilməsini təklif etdi. Azərbaycanda aksiyalarda aksiyaçılar polisin nəsil-nəcabətini üzünə söyürlər, ancaq polis mədəni davranır".

Qanunlar pozulduqda

Qeyd edək ki, dəyişikliklə qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda 5000 manatdan 8000 manatadək cərimə nəzərdə tutulur.

Toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirənlər üçün də 5000-8000 manat cərimə nəzərdə tutulub. Bu cərimələrin nəzərdə tutulduğu maddənin hər iki bölümündə (169.1 və 169.2) azadlıqdan məhrumetmə ilə bağlı hissə əvvəlki kimi saxlanılıb.

Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştiraka görə 5000 manatdan 8000 manatadək cəza nəzərdə tutulur.

100 min dollar cərimə və ya 10 il həbs

Bəs dünyanın digər ölkələrində icazəsiz aksiya, mitinqlər zamanı hansı sanksiyalar və ya cəza tədbirləri tətbiq olunur? Misal üçün ABŞ-da icazəsiz aksiyalar iğtişaşlara səbəb olursa, odlu silahdan istifadə edilirsə, cəza 10 000 dollar və ya 10 ilədək həbslə əvəzlənir.

Böyük Britaniyada isə aksiyalar zamanı iğtişaş baş verirsə, zorakılıq faktı qeydə alınırsa, o zaman təşkilatçıları 2000 funt sterlinq cərimə və ya 5 ilədək həbs cəzası gözləyir.

Almaniyada 15000 avro və ya 1 ilə qədər həbs cəzası verilir. Fransada 1 ilə qədər həbs, əgər aksiyada zorakılıq baş verərsə 3 ilə qədər həbs və ya hər iki cəzaya uyğun pul ekvivalenti, Yaponiyada 50 min yuan cərimə və ya 1 il həbs, İsveçdə 100 min dollar cərimə, İsveçdə iştirakçılar üçün 2 ilə qədər həbs, təşkilatçılar üçün 4 ilə qədər həbs, İtaliyada 1 ilə qədər həbs və böyük miqdarda pul cəzası tətbiq olunur.