GoMap.az elektron xəritəsinin mobil versiyası yaradılıb

5 Noyabr 2012 12:20 (UTC+04:00)

GoMap.az elektron xəritəsinin "Apple", "Samsung", "Nokia", "Blackberry", "LG", "HTC" və s. bu kimi dünyanın aparıcı smartfon istehsalçılarının smartfonları üçün nəzərdə tutulan mobil versiyası yaradılıb. Mobil versiya 6-9 noyabr tarixlərində Bakı Expo Mərkəzində keçiriləcək "BakuTel-2012" 18-ci Azərbaycan Beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları" sərgisində təqdim olunacaq.

Mobil versiyada smartfon istifadəçiləri üçün rahatlıq yaradan bir sıra əlavə servis və xidmətlər mövcuddur. Belə ki, mobil versiyada istifadəçinin olduğu yerin təyin edilməsi; olduğu yerdən gedəcəyi yerə kimi marşrutun çəkilməsi; istifadəçinin olduğu yerə yaxın olan obyektlərin kateqorayalar üzrə axtarılması; GoMap.az xəritəsinə yeni obyektlərin əlavə olunması və s. bu kimi imkanlar gerçəkləşdirilib. Elektron xəritənin mobil versiyasında Bakı və Sumqayıt şəhərlərinin ictimai nəqliyyat xəttlərinə giriş imkanı da mövcuddur.

Qeyd edək ki, hazırda GoMap.az Azərbaycan və Gürcüstanın ərazilərini əhatə edir və dünyada mövcud olan analoqlar arasında bu ölkələr üzrə ən ətraflı xəritədir. Hazırda GoMap.az xəritəsi 8000-dən çox yaşayış məntəqəsini (onlardan ünvanlı məlumatlarla 80 şəhər və qəsəbə), 5000-dən çox mədəni-tarixi abidəni, 900 000-dən çox bina və tikililəri, 112 000 obyekti, 48 000 km yolu və s. daxil edir.

GoMap.az xəritəsi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında "bulud" texnologiyaları bazasında bu günə kimi yaradılmış ilk resurslardan biridir. Hazırda GoMap.az servisləri "bulud" texnologiyaları bazasında təqdim edilir ki, bu da resursların səmərəliliyini dəfələrlə artırır.