Və ya Gürcüstandakı demokratiyaya sözardı
Gürcüstanda parlament seçkisinin müxalifətçi "Gürcü arzusu" blokunun qələbəsi ilə yekunlaşması və bu fondakı hadisələr belə təəssürat formalaşdırdı ki, qərb qonşumuz indiyədək Cənubi Qafzaqdakı dövlət müstəqillikləri dönəmi üçün xarakterik olmayan yoldadır. Söhbət legitim hakimiyyətin hər hansı təlatümsüz-filansız başqa qüvvə ilə əvəzlənməsindən gedir. Üstəlik proses öz əksini konkret açıqlamalarda və fikirlərdə də tapırdı. Məsələn, komandasının seçkidə uğursuzluqla üzləşməsindən sonra Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan etmişdi ki, ölkədə demokratiya zəfər çalıb. Məğlubiyyətini etiraf edən dövlət başçısı qalibi təbrik etməyi də unutmamışdı. Beləcə gözlər önündə Qərb ölkələri, o cümlədən ABŞ-a xas seçki sonrakı durum canlanmışdı - məğlub qalibi təbrik edir, onun əlini sıxır, uğurlar arzulayır və sair.
Bəli, Gürcüstan müxalifətinin güclənərək illərdir qərarlaşmış siyasi situasiyanı məhz seçki yolu ilə dəyişdiyini düşünmək həqiqətən qürurvericidir. Normalda hər ölkədə hakimiyyətlə mübarizə apara biləcək qüvvənin mövcudluğu şərtdir. Təbii ki, o qüvvənin həqiqi qüvvə olmasına dair baxışlar şüurlarda yetişməli, cəmiyyətdə özünə köklü yer tapmalıdır. "Gürcü arzusu" bloku dediyimiz statusda idimi? Məncə yox. Sadə gürcünün ağlından böyük hesabla həmin blokun lideri Bidzina İvanişvilinin milyarder siması keçirdi. Primitiv səslənsə də, təxminən belə: pulu var, camaata çatası olan pulda gözü yoxdur…
Kənardan, Azərbaycandan baxanda da müxalif komandanın qələbəsi təəccüblü idi. Təkcə ona görə yox ki, ölkəmizdə əks düşərgənin hakimiyyət uğrunda mübarizədə uğur qazanması ilə bağlı nümunə yoxdur. Həm də o səbəbdən ki, Gürcüstandakı prosesləri yaxından izləyən bizlər İvanişvilinin simasında müxalifətin qalib obrazını təsəvvürə gətirə bilmirdik. Yəni, məsələ ictimai şüurda, mövcud halda ümumən regionun düşüncə tərzində özünə yer tapmamışdı.
Gürcüstana Belarusdan baxaq. Bu ölkənin prezidenti Aleksandr Lukaşenko Gürcüstandakı parlament seçkisinə münasibət bildirərkən təəccübünü o formada ifadə etmişdi ki, sanki Saakaşvilinin hakimiyyəti əldən verən mağmın obrazı formalaşmışdı. Çox güman, Belarus dövlət başçısının ağlından bunlar keçmişdi: yaxşı, sən demokratsan, məni kimi deyilsən, anladıq, amma belə də yox!.. Zənnimcə, burada da məsələ onda deyil ki, Lukaşenko haradasa avtoritar kimi qiymətləndirilən sərt idarəçilik xüsusiyyətləri ilə fərqlənən biridir və onun beynində demokratik seçki, şəffaflıq kimi anlayışların dünyada qəbul olunmayan formulları işləyir. Məsələ Belarus prezidentinin də Saakaşvilini yaxşı tanımasında, onun vətənindəki vəziyyəti isə bir o qədər yaxşı dəyərləndirməsindədir.
Əlbəttə, Gürcüstandakı demokratiyanı mübahisələndirmək istəmirəm. Saakaşvilinin bu ölkə üçün etdikləri müqayisəyə gəlməz. Demokratik dövlət quruculuğu, sistemin şəffaflığının yaradılması, korrupsiya və bürokratik əngəllərin aradan qaldırılması baxımından xidmətləri böyükdür. Amma onu da etiraf etmək lazımdır ki, Gürcüstana 2003-cü ilin "məxməri inqilabı" ilə ayaq açan demokratiya hələ oturuşmayıb və mövcud mühitdə Saakaşvili onun üzərində qələbə qazanan qüvvənin əlini sıxmağı bacarsa da, qarşı tərəf bunu tam könülsüz, yalnız görüntü xətrinə edir.
"Gürcü arzusu"nun qələbəsini də mübahisələndirmək niyyətindən uzağam. Hər halda bu qurum seçki texnologiyalarından daha ustalıqla yararlandı. İvanişvili Saakaşvilinin zaman-zaman xalq kütlələrinə təsir göstərmiş belə desək, amerikalılığının zəifləməsindən doğan şərtlərdən maksimum faydalandı. Bəli, o, Saakaşvilinin "Milli Birliy"indən güclü olduğu üçün qalib gəldi. Amma bu güc necə bir gücdür və həqiqətənmi onun fəaliyyəti hakimiyyətə gəlişi qədər demokratik olacaq, məsələnin indiki hadisələrə nəzərən bəzi ehtimalları üzərində dayanmaq istərdim.
Gürcüstanda seçki başa çatdı, balaca gürcülərin təxminən "baxın, biz də demokratikik" deyərək böyük dünyaya səpələdikləri eyforiya özünün qısa ömrünü başa vurdu. Sular duruldu və M.Saakaşvili Avropa Xalq Partiyasının toplantısındakı çıxışında vurğuladı ki, Gürcüstanda demokratiya hazırkı hakimiyyətin də seçki yolu ilə devriləcəyi təqdirdə tam olacaq. Bəli, o, qurduğu sistemdən belə demək mümkünsə, qanuni sui-istifadənin gerçəkləşdiyini iş işdən keçəndən sonra gördü. Bəlkə də bunu öncədən duymuş, sadəcə məsələyə qarşı istifadə edəcəyi mexanizmlərin onun demokrat imicinə zərər gətirməsinin labüdlüyünü də fikirləşmişdi. Ola bilər, düşündüyü başqa məqamlar, az öncə haqqında bəhs etdiyim amerikasızlığı da rolunu oynamışdı. Hər halda prezidentin çıxışındakı mövcud məqam obrazlı söyləsək, gürcünün arzusunun İvanişvili olmadığını söyləyirdi.
Əslində hazırda Gürcüstan daxilində baş verənlər də ölkədə demokratik prinsiplərin hökm sürdüyünü deyil, sanki qisasçılığın yaşandığını, siyasi rəqabətin yolverilməz, qurşaqdan aşağı metodlarının işə salındığını söyləmək üçün əsaslar verir. Belə təəssürat yaranır ki, İvanişvilinin komandasının əsas məqsədi Saakaşvilinin hakimiyyət dövrünü Gürcüstanın yaxın tarixindən tamamilə silmək, ötən zaman kəsiyini kriminal, cinayətkarlıq mərhələsi olaraq qələmə verməkdən ibarətdir. Bunun üçün xüsusi adamlar və mexanizmlər də işə salınıb. Görünən həm də bu ki, Saakaşvili seçkidən dərhal sonra söylədiyi kimi, İvanişvilinin tərəfdarları ilə çiyin-çiyinə verib ölkəni pafoslu desək, parlaq gələcəyə doğru daşıya bilməyəcək.
Gürcüstan parlamenti ölkənin yeni kabinetini təsdiqlədikdən, yəni qaliblərin legitimliklləri tam dəqiqləşdikdən dərhal sonra onlar müxtəlif üsullarla icra hakimiyyətini bütövlükdə əllərində cəmləşdirmək yolu tutublar. Belə demək olar ki, tezliklə ölkənin ən kiçik idarəçilik instansiyasında da Saakaşvilinin tərəfdarı qalmayacaq. Mövcud durumda isə onun dövlət başçısı postunda yaxşı halda bütün zəruri rıçaqlardan məhrum düşərək qalacağı birmənalıdır. Amma bir şey dəqiqdir ki, bu qalma Britaniya kraliçasının və ya Yaponiya imperatorunun taxtda qalmasına oxşayacaq qədər şərəfli olmayacaq.
Əvəz RÜSTƏMOV