Bu bizim üçün çox əlamətdar bir hadisədir ki, Türkiyə Cümhuriyyətinin 89-cu ildönümü Müstəqil Azərbaycanda qeyd edirik. Bu gün tək Türkiyə Cümhuriyyəti vətəndaşlarının deyil, ümumilikdə hər bir kəsin bayramıdır. Bunu SİA-ya millət vəkili Qənirə Paşayeva deyib.
Onun sözlərinə görə, Türkiyə nə qədər güclü olarsa bu Azərbaycanın, eləcə də Azərbaycan nə qədər qüdrətlənərsə bu Türkiyənin gücü deməkdir: "Biz Türkiyə dövlətinə güclənmək, inkişaf və sabiltik arzu edirik. Azərbaycan və Türkiyə münasibətləri getdikcə daha da inkişaf edir. Bu inkişaf tək hər iki dövlət üçün deyil ümumilikdə bütün dünyada yaşayan müsəlmanlar üçün daha önəmlidir. Məhz bununla əlaqədar da hər iki dövlətə əbədi cümhuriyyət bayramları qeyd etməyi arzu edirəm. Ən böyük arzum isə ondan ibarətdir ki, Türkiyə Cümhuriyyətinin gələn 90-cı ildönümünü Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər Azərbaycanın dilbər guşələrində qeyd edək".