ABŞ “demokratiya"sının iç üzü

30 Oktyabr 2012 16:12 (UTC+04:00)

Amerika Birləşmiş Ştatlarında demokratiya son nəfəsini verir, artıq ölkəni xalqın seçdiyi liderlər deyil, bankların seçdiyi liderlər idarə edir. Bankirlər çəyirtkə sürüsü kimidirlər, keçdikləri yerdə daha ot bitmir. Bu qalstuklu barbarlar Avropaya, hətta dünyaya da əl atırlar.

"Yaxın gələcəkdə ölkəmi təhdid edəcək bir böhran görürəm. Böyük şirkətlərin taxta oturduğu, sui-istifadə hallarının iqtidara sirayət etdiyi, bütün pulun müəyyən bir qrupda toplandığı bir böhrandır və respublika çökür. Bu qədər böyük bir narahatlığı döyüşün ortasında belə hiss etməmişdim". (Abraham Linkoln, ABŞ-ın 16-cı prezidenti).

Qəfil "partlayış"

Bundan 20 il əvvəl Qərbdə insanlar pis yaşamırdı. Pul vardı, banklar asanlıqla kredit verirdi. Bəli, işsizlik olsa da, o qədər gözə çarpmırdı. İstehlak kreditləri alış-verişi canlandırır, sərmayə kreditləri sənayeçilərin işini asanlaşdırırdı.

Siyasətçilər də məmnun idi, çünki vətəndaşların gəlirləri sürətlə artırdı. 1980-ci illərdəki bu bolluq qəribə bir ideologiyanın güclənməsinə səbəb oldu: İqtisadi inkişaf hüquqdan kənarda saxlanılmalı idi. Bu anlayışa görə qanun, polis, məhkəmə kimi "lazımsız" şeylər iqtisadiyyatı yavaşladır, insanların zənginləşməsinə mane olurdu. Özəl bankların fəaliyyətlərində bir boşluq yaranmışdı. Əvvəllər cinayət sayılan əməllər artıq leqallaşdırılmışdı.

Sonra nə oldusa qəfildən "partlayış" səsi eşidildi. Əyləncə qurtarmışdı. Dəli kimi rəqs edən amerikalılar və avropalılar işıqları yandırdılar. Demək olar ki, hamının pulqabısı, zinət əşyaları oğurlanmışdı. Bəziləri donlarına qədər soyulmuşdu. Lakin oğru elə bağırdı ki, ev sahibi çaş-baş qaldı. Oğrular qaçmaq əvəzinə salonda baş küncdə əyləşdilər və indi qarət etdikləri insanlara əmrlər verirlər. ABŞ-da və Avropa Birliyində xəzinə və iqtisadiyyatdan məsul nazirliklər və birjalar bankirlər tərəfindən idarə olunur. Afina, Madrid və Romadakı nümunələrdə gördüyümüz kimi xalqın seçdiyi liderlər deyil, bankların seçimləri dövlətləri idarə edir. Gücünü xalqdan alan dövlətlər qlobal güclərlə rəqs edə bilmir. Xalqın iradəsi hərdənbir siyasətə təsir edəcəksə belə, artıq bu təsir maliyyə sektorunu narahat etməyəcək bir çərçivə içində qalacaq.

"Süfrədən" pay umanlar artır

ABŞ hegomonluğunun varlığına, Avropanın 60 ildir davam edən ABŞ vasallığı statusunun davamına, Rusiyanın hərbi, iqtisadi təsirlərini azaltmağa başda Çin olmaqla sürətlə inkişaf edən ölkələr artıq maneə törətməyə başlayıblar. Son dövrdəki müharibələrin əsl səbəbi də məhz budur. "İnsan haqları uğurunda mübarizənin" insanlıqla, demokratiya ilə, insan haqları ilə, azadlıqla və s. heç bir əlaqəsi yoxdur, olması da mümkün deyil. İmperializm yaranandan bəri dünyanın olub-qalan təbii və bəşəri qaynaqlarını istismar və yağmalamağa istiqamətlənib. İndi isə başqaları da artıq "süfrədən" pay almaq istəyir. Halbuki dünya da, resursları da məhduddur. İmperializmi var edən təbii resurslar, strateji mədənlər, enerji qaynaqları, bioloji müxtəliflik getdikcə azalmaqda və ya tükənməkdədir. ABŞ-ın tək super güc statusunu davam etdirə bilməsi digərlərinin süfrədən uzaq saxlanılmasına bağlıdır. Lakin bu artıq mümkün deyil. Ox yaydan çoxdan çıxıb. ABŞ silah sənayesi, yeni münaqişə ocaqları yaratma sektorundan başqa bütün sahələrdə üstünlüyünü itirmiş vəziyyətdədir. Qaldı ki, savaş və dağıtma sektorunda da artıq mütləq üstünlüyü əvvəlki gücdə deyil. ABŞ-ın indiki vəziyyəti bir ərəb atalar sözünü xatırladır: "Ocağın tüstüsü ən çox sönərkən çıxar". Əlbəttə ABŞ-ın etdiklərinin nəticələri tüstü qədər günahsız deyil. Son 15-20 ildə ABŞ tərəfindən Əfqanıstandan Liviyaya, Suriyadan Somaliyə, "Böyük Orta Şərq" dedikləri bölgədə başlatdığı bütün müharibələr, hücumlar, sui-qəsdlər, təxribatlar, real və potensial rəqibləri zərərsizləşdirmək, bu məqsədlə də sərçəni yumurtada ikən məhv etmək məqsədi daşıyırdı.

ABŞ-ın şok strategiyası

ABŞ-ın əvvəlki dövrdəki strategiyası, şok strategiyası idi. Yəni şiddətli bir hava bombardman ilə düşmən saydığı rejimi çökdürürdü. ABŞ hegemonluğu üçün geostrateji-geosiyasi, iqtisadi əhəmiyyətə malik ölkələri bu şəkildə çökdürürdü. Somali, Sudan, Əfqanıstan, İraq şok strategiya ilə çökdürüldü. Lakin, bu dövlətləri çökdürməyi bacarsa da bataqlığa batmaqdan xilas ola bilmədi. ABŞ-ın vəziyyəti tam da Maonun dediyini xatırladırdı: "İmperialistlər böyük bir daşı qaldırarlar, amma qaldırdıqları daş ayaqlarına düşər". Belə bir vəziyyətdə və yeni beynəlxalq güclərin ortaya çıxdığı bir vaxtda ABŞ artıq şok strategiyası ilə istəklərini reallığa çevirməyə risk etmir. Artıq meydan boş deyil. "İtsiz kənddə dəyənəksiz gəzmək dövrü" başa çatdı. Həm Suriyanı, həm İranı çökdürmək istəyir, həm də bunu açıq bir hücumla etmək istəmir. Çünki, regional savaşın dünya müharibəsinə çevrilmə riski çox yüksəkdir və belə bir müharibəni qazanması mümkün deyil. Gerçəklər çılpaqlığı ilə ortada ikən, ABŞ-ın Suriyaya yönəlik savaşda "durğunluğunu" prezident seçkilərinə bağlayanlar çoxdur. Qərb politoloqları iddia edirlər ki, Amerikada prezident seçkiləri var və belə bir vəziyyətdə daxildə cərəyan edən siyasi olaylara fokuslanmaq ən doğrusudur. Əslində isə problem strategiya dəyişikliyi ilə bağlıdır. Qaldı ki, ABŞ-da seçkilər amerikalıları aldatmaq üçündür və heç bir şeyi dəyişdirmə potensialına sahib deyil. Obama yenidən seçilsə də, rəqibi respublikaçı Romney qazansa da heç bir şey dəyişməyəcək. Orada seçkilər insanları aldatmaq, əyləndirmək üçündür.

(Ardı var)