Hazırda yaxın Şərq regionunda baş verən hadisələrin əsas ana xəttində Türkiyə "məsələsi" dayanır. Türkiyə, son illərdə regiondakı sürətlə yüksələn nüfuzu ilə, sözün əsl mənasında bu regionda strateji maraqları kəsişən supergüclər üçün həzm edilməsi mümkünsüz "loxmaya" çevrilib. Qərbin əksər supergücləri, regionun lideri kimi ortaya çıxan Türkiyə üzərində "haqq-hesab" qurmağa çalışırlar. Səbəb sadədir,- Türkiyədə regionda siyasi ssenarilərin əsas müəllifi olmasın!
Qərb gücləri, həm rəsmi Ankaranın regionda əsas söz sahibinə çevrilməsindən dəhşətli şəkildə narahatdırlar, həm də yuxarıda qeyd etdiyimiz maraqları yolunda Türkiyəni ən ciddi maniə kimi qəbul edirlər. Bu fakt artıq o qədər açıq şəkildə özünü büruzə verir ki, bunun belə olduğunu isbatlamağa qalxmaq, siyasi sadəlövhlükdən başqa bir şey deyil. Elə bir sadəlövhlük ki, buna daha ağır şəkildə xoşagəlməz ad da qoymaq olar.
Həttda osmanlı İmperatorluğu dönəmindən başlayaraq, həttda NATO-ya daxil olmasından sonrakı vaxtlarda da Türkiyə qərb üçün ciddi maniəyə, yuxarıda qeyd etdiyimiz kimi, "həzmedilməsi mümkünsüz loxmaya" çevrilmişdi. İndi isə,Türkiyə bu regiondakı bütün oyunların "ana tələsi"nə çevrilib.
Bunun da səbəbi, "dərin dövlət" məsələsi kimi daha dərinliklərə gedib söykənən proseslərlə bağlıdır. Elə bir dərinlik ki, Avropanın iqtisadi böhran içində məhv olmaqla üz-üzə qaldığı durumda, bu məsələ hər bir Avropa dövləti üçün ölüm-dirim məsələsidir. Avropa, keçən əsrlərdəki "xaç yürüşlərində" olduğu kimi, yenə də şərqin təbii sərvətlərinə göz dikib və bu dəfə sərvətlərini artırmaq üçün deyil, özünü iqtisadi tənəzzüldən və fəlakətdən qurtarmaq üçün regiona çəyirtkə daranan kimi daranıb.
Düzdür, əvvəllərdə də bu regionun nefti və başqa sərvətləri uğrunda qərb dövlətlərinin yürüşləri çox olub. Elə 1990-cı ildən başlayaraq 32 dövlətin daxil olduğu qərb koalisiyasının İraq uğrundakı qanlı yürüşünü yada salmaq kifayətdir. Amma məsələ burasındadır ki, o zaman son günlərini yaşasa da, SSRİ hələ mövcud idi və hər kəs ABŞ-ın bayrağı altında mübarizə aparırdı. O zaman əldə olunan qənimətlər də məhz rəsmi Vaşinqtonun diktəsi ilə bölünürdü. İndi isə vəziyyət tam başqadır və bütün Avropa ölkələri bu dəfə daha çox öz maraqları üçün çalışırlar. Hər bir Avropa dövləti regionda daha çox sərvət ələ keçirib çökməkdə olan iqtisadiyyatını "ölümdən qurtarmağa" can atır. Çünki hər kəs bilir ki, Şərqdəki əksər diktatorlarla vidalaşan qərb ölkələri, Avropanı ağzına alan iqtisadi böhrandan yaxa qurtarmaq üçün bu ölkələrin və bölgənin təbii sərvətlərini talamaq barədə çalışırlar. Onların bütün planları da buna hədəflənib.
Diktatorların devrildiyi ölkələrdə tayfa-qardaş qırğınları pik həddə çatıb, bu azmış kimi isə Suriya, Liviya, İraq, Misir, Yəmən sadəcə bomba partlayışlarından əsl qan gölünə çevrilib. Bu isə qərb dairələrinə bu ölkələrin sərvətlərini rahat şəkildə talamağa və əlavə olaraq da, tayfa döyüşlərinin şiddətləndiyi bu ərazilərdə öz silah bazarlarını qurmaqa böyük imkanlar yaradır. İndi yuxarıda adlarını çəkdiyimiz ölkələrdə vətəndaş müharibələri amansız şəkil alıb. Ən maralısı odur ki, buralarda müsəlmanın müsəlmana qarşı istifadə etdiyi bütün silah və sursat qərbdəki və Rusiyadakı silah biznesinə aiddir. Necə deyərlər, bir avropalı silh taciri həm silahını satıb pulunu alır, həm bu başıboş müsəlmanları bir-birinə qırdırır, həm də bu durumdan yararlanıb təbii sərvətlərini ələ keçirir…
Regionun əsas söz sahibi olan Türkiyə isə bütün bu maraqlar üçün "qırmızı işıq" kimi dayanır qarşıda. Bəşər Əsədin əleyhinə olan rəsmi Ankaranın bu mövqeyi, onunla eyni mövqeədn çıxış edən qərbi, artıq məmnun etmir. Çünki aparıcı Avropa ölkələri, Türkiyəni bu proseslərin burulğanına çəkməklə, onu çirkli oyunların mənfi qəhrəmanına çevriməyə, bölgədəki dövlətlər arasında nüfuz və etibarını itirməyə, müsəlmanlar arasında anti-qəhrəman kimi göz soxmağa çalışırlar. Elə Suriyadan Türkiyəyə atılan raketlər də bu senarinin ilikin işartılarıdır. Suriyada hakimiyyətini qorumaq üçün gündə yüzlərlə suriyalının qanını küçələrə axıdan Bəşər Əsədin hələ də hakimiyyətdə saxlanılması da qərbin gizli maraqları üçün edilən bir gedişdir. Çünki hələ qərbin B.Əsədin əli ilə regionda görmək istədiyi "çox iş" var. Avropadakılar həttda B.Əsədin "xaç atası" sayılan Rusiya ilə də gizli işbirliyinə girərək bərabər müştərək planlar hazırlayırlar. Elə Türkiyəni zərərsizləşdirmək üçün hazırlanan xüsusu "menyu" da bu planların əsas hissəsinə daxildir. Türkiyə qərb dövlətlərinin əsas məqsədi Türkiyəni özlərindən asılı, hadisələrin müəllifi kimi deyil, arxasınca sürünən dövlət kimi görməkdir.
Türkiyənin Avropa Birliyinin kandarından içəri buraxılmaması da bu məqsədə hesablanıb. Qərb dövlətləri bununla Türkiyəni Avropanın aktiv siyasətindən kənarda saxlamaq, onun yalnız bölgədə qərbə lazım olacağı təqdirdə "işlədilə biləcək" dövlət halında saxlamaq istəyirlər. Amma bu məsələ olduqca fantaziya xarakteri daşıyırı. Çünki hələ osmanlı imnperiyasından üzü bəri bölgənin əsas sahiblərindən olan və dünya siyasətinin müəyyənləşdirilməsində öz çəkisi olan bir dövləti bu hala gətirmək mümkünsüzdür. Çünki ən azından Türkiyə nə Suriya, nə Misir. Nə İraq nə də başqa bir ərəb ölkəsi deyil. Türkiyənin missiyası tamam başqadır və elə bu missiya qərbi daima təşvişdə saxlayıb. Həm də artıq hər şey gecdir. Çünki son 2-3 ildə Türkiyə bütün regionun əsas söz sahibinə çevrilib. Sözsüz ki, regiondakı bütün müsəlman ölkələrinin insanları tərəfindən dəstəklənən dövlət olaraq. Özü də müsəlman toiplumunun çoxluq təşkil etdiyi cəmiyyətlərdə, Türkiyə əsasən xilaskar simasında tanınır.
Əgər neçə ildir ki, "Marmara" gəmisinə görə rəsmi Ankara ilə düşmən kəsilən İsrail, indi onunla heç bir şərt irəli sürmədən keçmiş müttəfiqliyi bərpa etməyi təklif edirsə, artıq qərb alyansının və regionda maraqları olan digər güclərin Türkiyəni hansısa "əl oyuncağına" çevrilmiş dövlət kimi görmək niyyətləri heç cürə real görünmür. Onlar ancaq PKK və B.Əsəd kimi yardımçı dəstəklərlə rəsmi Ankaranı ən yaxşı halda zəiflədə bilərlər. Amma onu regionun gücü kimi siyahıdan silmək sadəcə nağıldır, gerçək yox!