Fransa-Almaniya konserni olan Airbus yeni maraqlı məlumat yayıb. Məlumatda təbii ki, müasir insanın həyatında önəmli yer alan hava nəqliyyatı, bu sistemin infrastrukturu təhlil olunur. Diqqəti cəlb edən məqamlardan ən əsası gələcəkdə yanacağa maksimum qənaətə nail olmaqdır. Kompaniya mütəxəssislərinin hesablamalarına görə, bu günün özündə də yanacağa xeyli qənaət edə biləcək addımlar atmaq olar. Məlumdur ki, təyyarələr mənzil başına müəyyən olunmuş hava marşrutu ilə uçurlar. Əgər mütləq müəyyən edilmiş bu marşrutlar hava səraitinə uyğun olaraq dəyişdirilsə, yanacağa xeyli qənaət etmək olar. Kompaniya hesab edir ki, bu günün uçuşlara nəzarət texnologiyası buna tam imkan verir və gözlənilməz qəzalardan sığortalanmaq mümkündür. Bu və ya digər dəyişikliklərlə təkcə ABŞ-a uçan təyyarələr mənzil başına orta hesabla 13 dəqiqə tez çata bilər ki, bu da xeyli yanacaq sərfinin qarşısını almaq deməkdir. Təkcə ABŞ-a uçan təyyarələr deyil, digərlərini də sərfəli marşrutlara yönəltmək olar. Təyyarələr tək-tək deyil, 5,10 və daha çox saylı dəstələrlə uça bilərlər. Bu zaman öndə gedən təyyarənin hesabına digərlərinin üzləşdiyi hava müqavimətini də azaltmaq olar ki, bu da yanacaq sərfini nəzərəçarpacaq dərəcədə azalda bilər. Əgər nəzərə alsaq ki, indinin özündə təyyarə reyslərinin sayı ildə 30 milyonu keçir, onda ümumi qənaət hesabına əldə olunan rəqəmlər xeyli böyük görünür. Bu ildə ən azı 9 milyon ton yanacağa qənaət deməkdir. Atmosferə tullanan zəhərli qazın həcmi isə 28 milyon ton azalır. Airbus-un ekspertləri əmindir ki, ən geci 2050-ci ildə bütün bunlar tam reallıq olacaq. Əlavə olaraq təyyarələrin qalxma və enmə prosesində yeniliklər etməklə zaman, yanacaq və səs-küy baxımından xeyli nailiyyətlər qazanmaq olar. Təyyarələr havaya qalxdığı zaman mobil platformalardan istifadə olunacaq. Bu onların qısa məsafədən və az zamanda havaya qalxmasına şərait yaradacaq. Eniş vaxtı isə Planer üsulu tətbiq olunacaq. Bu üsuldan istifadə zamanı ətrafa pis təsir edən səsin qarşısı alınacaq və yenə də vacib olan yanacağa qənaət ediləcək. Planer üsulu ilə yerə enən təyyarəni isə terminala xüsusi qoşqular daşıyacaq.
Şahin Abasov
SİA-nın Almaniyadakı müxbiri