"BMW" Braziliyada istehsal olunacaq

20 Oktyabr 2012 14:58 (UTC+04:00)

Tezliklə Braziliyada "BMW" istehsal olunacaq. Konsern bu ölkədə yeni zavodunu açmaq istəyir və bu məqsədlə 395 milyon dollar vəsait ayırıb. Düzdür, hələlik tam istehsaldan deyil, avtomobil yığma konveyerindən söhbət gedir. Yəni gətirilən detallar əsasında Braziliyadakı zavodda avtomobilləri yığıb yerli bazara çıxaracaqlar. Ümumiyyətlə kompaniya Barziliyaya ciddi investisiya yatırmaq niyyətindədir. Kompaniyanın maliyyə direktoru Fridrix Ayxiner bu barədə "Reuters" agentliyinə məlumat verib. Onun sözlərinə görə, Braziliyanın prezidenti Dilma Russeflə gələn həftə görüş olacaq və həmin görüşdə investisiyanın məbləği və istiqamətləri açıqlanacaq. Hazırda "BMW" Braziliyada elə də yaxşı günlər yaşamır. Təkcə bu ilin ilk 9 ayında Braziliyada "BMW"-nin satışı 29,4% aşağı düşüb. Avropa nəhəngi yeni zavodun hesabına qiymətləri endirmək və satışın dinamikasını bərpa etmək istəyir.

Maraq üçün deyək ki, BMW(Bayerische Motoren Werke) Avropa avtomobil istehsalçılarının ilklərindəndir. Kompaniyanın əsası 1916-cı ildə qoyulub. Hazırda kompaniya 3 məhşur brendə malikdir – "BMW", Mini John Cooper və Rolls-Royce Motor Cars.

Şahin Abasov

SİA-nın Almaniyadakı müxbiri