Türkiyənin "Hürriyyət" qəzetində ölkəmizlə bağlı yer alan məqalə bu sözlərlə başlayır: "Qonşu ölkə Azərbaycanın İran qarşısındakı ideoloji müharibəsi son illərdə əməlli-başlı güclənib. ABŞ-ın nüfuzlu qəzetlərindən "Vaşinqton Post" Azərbaycanın özünü dünyaya "anti-İran" ölkəsi olaraq təqdim etdiyini, bu savaşın son silahının isə çox məşhur bir ad olduğunu yazıb: Jennifer Lopes".
"Vaşinqton Post" iddia edir ki, məşhur müğənninin ötən ay Bakıda verdiyi konsert, əslində Azərbaycanın mədəniyyət sahəsində qərbmeylli və dünyəvi bir imic nümayiş etdirərək mollalara meydan oxumasının bir işarəsidir: "Xəzər dənizinin sahilinə qurulan səhnədə 30 min insanın izlədiyi Lopes verdiyi konsertdə azərbaycanlıları ovsunlayarkən, dənizin digər sahilindəki əmmaməli ayətullahları da bərk qəzəbləndirdi".
Məqalədə deyilir ki, Azərbaycan İranın şimal qonşusudur və regionda dünyəvi, qərbmeylli ölkə kimi İrana qarşı öz rolunu gücləndirir. İran beynəlxalq sanksiyalar nəticəsində getdikcə daha dərin təcrid vəziyyətinə düşür və iqtisadi vəziyyəti pisləşir. Onun şimal qonşusu isə Qərblə mədəni və siyasi əlaqələri dərinləşdirərək tamam əks istiqamətdə irəliləyir. İran repressiv və teokratik ölkədir, Azərbaycan isə sosial və dini baxımdan tolerantdır, özünü bütün dinlərin, mədəniyyətlərin bir arada yaşaya biləcəyi model kimi təqdim edir.
Məqalədə bildirilir ki, Lopesin konserti Azərbaycanın yeni mədəni inkişaf səviyyəsinə çatdığını göstərmək üçün təşkil olunan tədbirlərdən biridir. Bakıdakı təşkilatçılar son həftələrdə qərbli pop-divaların uzun siyahısını hazırlayıblar və onların konsertini təşkil etmək üzərində işləyirlər. Siyahıda Britni Spirs də var. Cenifer Lopesdən sonra Rihanna Bakıda konsert verib, Rihannanı isə Şakira əvəzləyib.
Maraqlı məqam ondan ibarətdir ki, qəzet Lopesin və digər tanınmış dünya ulduzlarının ölkəmizə gəlişini Azərbaycanın yeni mədəni inkişaf səviyyəsinə çatdığının göstəricisi kimi dəyərləndirir. Görəsən yuxarıda adları çəkilən pop-divalar nə vaxtdan hansısa ölkənin inkişaf standartı olublar. Və nəyə görə yalnız xanım müğənnilərin adı çəkilir. Halbuki Elton Con və onun kimi digər populyar kişi müğənnilərinin də Bakıda konserti baş tutub.
Qəzet nədənsə israrla Azərbaycanın inkişafını sırf İrana meydan oxuması ilə əlaqələndirməyə çalışır. Vurğulanır ki, iranlılar Azərbaycanın regional oyunçuya çevrildiyini, özlərinin isə sanksiyaların altında əzildiyini görürlər.
Azərbaycanın regionda söz sahibinə çevrilməsi doğrudur, amma İranın Qərb tərəfindən sanksiyalara məruz qalmasına gəlincə, bu ölkənin yeritdiyi xarici siyasətinin nəticəsidir. İstənilən halda İrana göstərilə biləcək hərbi və ya iqtisadi təzyiq Azərbaycanı narahat edir. Çünki orada 30 milyondan çox soydaşımız yaşayır.
Məqalədə sırf dünya ulduzlarının konsertinə yer verən qəzet unudur ki, son dövrlər Azərbaycan nəinki mədəniyyət, eləcə də bütün sahələrdə beynəlxalq səviyyəli mötəbər tədbirlərin keçirildiyi məkana çevrilib. Sözsüz ki, bu, ilk növbədə ölkənin artan beynəlxalq nüfuzunun təcəssümüdür. Nüfuzlu tədbirlərə isə ev sahibliyi etmək üçün ölkənin müəyyən parametrlərə cavab verməsi lazımdır. Bura infrastrukturdan tutmuş, təşkilatçılıq bacarığına qədər olan məsələləri aid etmək olar. Bu sahədə Azərbaycanın artıq geniş təcrübəsi mövcuddur. Beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi həm də onun ifadəsidir ki, dünya Azərbaycanı etibarlı və ciddi tərəfdaş kimi dəyərləndirir.
Son illər ölkəmiz bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Belə ki, 2008-ci ildə İslam Əməkdaşlığı Təşkilatının (İƏT) nümayəndələrinin, nazirlərin də qatıldığı Avropa Şurasına (AŞ) üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısı, 2009-cu ildə AŞ ölkələrinin nazirlərinin qatıldığı İƏT-ə üzv ölkələrin nazirlərinin toplantısı, 2010-cu ildə Dünya Dinləri liderlərinin Zirvə Görüşü, həmin ildə Bakıda keçirilən beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumu, 2011-ci ildə Mədəniyyətlərarası Dialoq Forumu və s...
Bu ilin sentyabrın 12-də Bakıdakı "Gülüstan" sarayında Dünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 61-ci sessiyası keçirilib. Bundan başqa Azərbaycan hökuməti və BMT-nin birgə təşkilatçılığı ilə cari ilin noyabr ayında Bakıda İnternet İdarəçilik Forumu (İİF) təşkil olunacaq.
Nüfuzlu idman yarışlarının sırasında beynəlxalq velotur, ralli yarışları, boks üzrə dünya çempionatı, "FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan–2012" kimi mötəbər tədbirlərin adlarını sadalamaq olar.
Son olaraq, bu günlərdə paytaxt Bakıda baş tutan İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə Toplantısı da deyilənlərin əyani sübutudur. Sözsüz ki, bu siyahını hələ çox uzatmaq olar. Adlarını sadalaya bilmədiyimiz hələ çox mötəbər tədbirlər var ki, Azərbaycan layiqli şəkildə onlara ev sahibliyi edib.
Qəzet Azərbaycanın ən ağrılı yeri olan Dağlıq Qarabağ məsələsinə bu cür şərh verir: "Qonşusu Ermənistanla 20 ildir davam edən Dağlıq Qarabağ problemi də Azərbaycanın beynəlxalq sahədəki etibarına zərər verir".
Azərbaycanın İsrailə olan münasibətlərini xüsusilə qabardan "Vaşinqton Post" hansı məqsədə xidmət etdiyini açıq şəkildə ortaya qoyur. Bu, Azərbaycanla İran arasındakı həlli mümkün problemləri dalana dirəməyə çalışan qüvvələrin növbəti təxribatıdır. Ataların yaxşı bir kəlamı var: "Qurd dumanlı gün axtarar". Duman dağılana qədər gərək yırtıcıdan qorunasan!