Bundan başqa, yaranmış vəziyyətdən İsrail və İranın dərhal öz xeyri üçün istifadə edəcəyinə şübhə yoxdur. Yəni onlar Türkiyənin uzun müddət müharibə aparmasına çalışacaqlar. Bunun iki səbəbi ola bilər. Birincisi, İsrail və İran regiondakı əsas rəqiblərini zəiflədirlər. İkincisi, yaranacaq geosiyasi gərginlik Qərb üçün həm İsrail-Fələstin münaqişəsini, həm də İranın nüvə proqramını arxa plana atacaq.
Hadisələrin bu istiqamətdə inkişafı Rusiyanı tam qane etmir. Çünki bu halda Moskva Yaxın Şərqdə Türkiyənin timsalında qazanmaq istədiyi yeni güclü tərəfdaşı itirmək təhlükəsi ilə üzləşir. Lakin Rusiya Qərbin, o cümlədən NATO-nun Yaxın Şərqdə başının bərk qarışmasından geosiyasi dividend götürə bilər. Eyni zamanda, İranın mümkün hərbi zərbələrdən yayınması şansının artması Kremli qane edir.
Pekin üçün isə demək olar ki, ideal geosiyasi şərait yaranmış olur. Çin Amerikanın Yaxın Şərq məsələsində "ləngiməsindən" əlavə vaxt qazanır. Onun Rusiya kimi geosiyasi rəqibi də xeyli dərəcədə bu hadisələrə "bağlanır". Bu, Pekinin Uzaq Şərq və Mərkəzi Asiyada təsir gücünü yüksəltməsi üçün ona əlavə şans verir.
Beləliklə, Ankaranın qətiyyəti bir tərəfdən Türkiyə dövlətinin mövqeyini birmənalı ifadə edir. Digər tərəfdən isə regionda əvvəlcədən proqnozlaşdırılmayan və türk dövlətinin xeyrinə olmayan proseslərin başlamasına səbəb ola bilər. Ona görə də Ankara son dərəcə səbir və ehtiyatla davranmalıdır. Hər zaman dövləti maraq keçici qürurdan üstün tutulmalıdır.
Otto Bismarkın bir maraqlı fikri var: "Siyasət yaranmış hər bir vəziyyətə uyğunlaşmaq və hətta ürəkbulandıran hər bir şeydən fayda götürmək məharətidir". Türkiyə kimi böyük dövlətlər təbii ki, bunu çox yaxşı bilirlər. Ancaq məsələ ondan ibarətdir ki, indi Yaxın Şərqdə "ürəkbulandıran" dövlətlərin sayı çoxdur.