Artıq ATƏT-in Minsk qrupu deyilən qurumun Dağlıq Qarabağ münaqişəsi üçün ən böyük maneə olduğu tam aydın şəkildə ortadadır. Azərbaycanda hər kəs əla anlayır ki, daha çox səfeh və səfil diplomatlardan yığılan ATƏT-in Minsk qrupu deyilən faydasız qurum əslində Rusiya, ABŞ və Fransada özünə iş tapa bilməyən yararsız diplomatlar üçün havayı iş yerindən başqa bir şey deyil.
Təsəvvür edin ki, 1992-ci ilin yayından üzü bəri ATƏT-in Mİnsk qrupunun həmsədrləri, onların köməkçiləri, ofislərində çalışan əməkdaşlar Azərbaycan xalqının Qarabağda tökülən günahsız qanları və kəsilən azərbaycanlı başlarının hesabına cəh-cəlalla dolanır, Avropanın ən yüksək məvaciblərini ciblərinə qoyub şellənirlər. Hələ mən hər dəfə monitorinq adı altında regiona olan səfərləri, havayı hədiyyələri heç hesaba da almıram. Açıqca etiraf etməliyik ki, Rusiya, ABŞ və Fransa Azərbaycan xalqının Dağlıq Qarabağ kimi qlobal problemini diplomatik şəkildə ələ salaraq, ən yararsız diplomatlarını bura yollayır, sanki bizimlə "məzələndiklərini" açıqca büruzə verməyə çalışırlar. Onların bizim problemi həll etmək kimi məqsədi də yoxdur əslində. Ortada olan çılpaq həqiqət ondan ibarətdir ki, ATƏT-in Minsk qrupu sadəcə nəhəng üçlüyün Qarabaq danışıqlarını və regiondakı prosesləri nəzarətdə saxlamaq üçün yaradılıb, başqa heç nə üçün deyil. Yoxsa Kreml kimi nəhən supergüc, Minsk qrupunun hansısa səfeh və gic-gicə iki-üç "diplomatının" olmayan ağlınamı möhtac qalıb?
Guya Kremldə bilmirlərmi ki, bunlar hamısı boş-boş şeylərdir. Vladimir Putin istəsə elə bircə gecənin özündə erməniləri Qarabağ ərazisindən iti qovan kimi qovar. Daha buna oyuncaq "vasitəçi" nə gərək?
Amma məsələ burasındadır ki, həttda V.Putin bu işi görmək istəsə belə, Rusiya dövləti onu saniyəsindəcə itirər. Çünki Rusiyanın Ermənistanla bağlı neçə yüz illiklərdir ki, dəyişməyən siyasəti var. Bu başqa məsələnin mövzusudur.
Sonralar Minsk Qrupunun ilk sədri olan italyan Mario Rafiellonun Ermənistana səfərləri zamanı ermənilərdən çoxlu rüşvət aldığı və erməni qızları ilə əla gecə keçirdiyi kimi rüsvayçı faktlar, Məlikməmmədin nağılı kimi ortaya çıxdı. Elə bu faktın özü Minsk qrupunun münaqişənin həllindən daha çox onun uzadılmasına, tərəflərdən birindən rüşvət alaraq ciblərini dolduran adamların qazanc yerinə çevrildiyini göstərir. Yəni ancaq və ancaq baş girləmək, Azərbaycanın işğal olunmuş torpaqlarının ermənilərin əlində saxlanılması üçün hazırkı status-kvonun qorunmasına kömək etmək,- bax ATƏT-in Minsk qrupunun "missiyası" budur, vəssalam!
Amma ən dəhşətlisi odur ki, elə indi də bu təşkilat lazımsız qurum kimi tanınmaqdan daha çox, turist marşrutu yerinə yetirən diplomatik ticarət təşkilatına çevrilib. Təsəvvür edəndə ki, Rusiyada, Fransada və ABŞ-da işsiz, heç kimə lazım olmayan diplomatları xeyriyyə fondu kimi həmin bu ATƏT-in Minsk qrupuna yollayırlar, onda Qarabağın taleyinin məzhəkəyə qoyulduğu, həmin bu Minsk qrupunun üzvü olan dövlətlərin Azərbaycan torpaqlarının geri qaytarılmasında qətiyyən maraqlı olmadıqları açıq-aşkar ortadadır. Bilirəm, biz sadəcə protokol xatirinə bu üzdəniraq "missiya" üzvlərini iti qovan kimi qapımızdan qova bilmərik.
Amma məsələnin hər hansısa bir ticarət məsələsinə deyil, əldən çıxmış torpaqlarımızdan başlamış, tapdanan qeyrətimizə qədər incə və həssas məqamlarımıza aidiyyatı olduğu üçün, onda onların bizi bundan artığına təhqir etmələrinə dözmək lazım deyil. Onsuz da Minsk qrupunun üzvü olan Fransa, tarixi həyasızlıq göstərərək ermənilərin tərəfini tutur, onların olmayan yalançı "soyqırımlarını" tarixiləşdirirsə, daha bu yalançı oyunu uzatmağın nə lüzumu var ki?