Gəncədə 9 ayda hansı işlər görülüb?

15 Oktyabr 2012 18:14 (UTC+04:00)

Gəncədə cari ilin 9 ayı ərzində həyata keçirilən işlərə dair hesabat yığıncağı keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə əldə edilən uğurlara nəzər salınıb, qarşıda duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Şəhər icra hakimiyyəti başçısı Elmar Vəliyevin sədrliyi ilə keçirilən müşavirədə Gəncənin bütün idarə və müəssisə rəhbərliyi iştirak edib. Gəncə şəhərində cari ilin 9 ayı ərzində görülən işlərə nəzər salınıb və qarşıda duran tədbirlərlə bağlı məlumat verilib. O bildirib ki, 2012-ci ilin 9 ayı ərzində ümumdaxil məhsulun 30 %-i sənayenin, 0,5 %-i kənd təsərrüfatının, 31,9 %-i isə tikintiquraşdırma işlərinin payına düşüb.

İqtisadiyyat sektorunda çalışan işçilərin orta əmək aylıq haqqı 260 manat təşkil edib ki, ötən ilin müvafiq dövrü ilə müqasiyədə 6,3 faiz çoxdur. Gəncədə geniş abadlıq və quruculuq işlərinə dövlət tərəfindən 84,1 mln manatdan artıq vəsait ayrılıb. Mərkəzi küçələrdə yeni salınan qəsəbələrdə geniş yenidən qurma işləri həyata keçirilib. 5 mərtəbəli 50 mənzilli yaşayış binasının inşasına start verilib. Gəncə ilə yanaşı Hacıkənd qəsəbəsində də abadlıq və quruculuq tədbirləri həyata keçirilir. Müşavirədə bir sıra idarə və müəssisələrin rəhbərlərinə müəyyən göstərişlər verilib. Bəzi məmurlara isə xəbarlarlıq olunub. Ümumilikdə, Gəncədə 2012-ci ilin 9 ayı ərzində görülən işlər müsbət qiymətləndirilib.

İlham Məmmədov