Qorxu çox pis şeydir

11 Oktyabr 2012 17:34 (UTC+04:00)

Monqol xanı Tuğluqun yardımı ilə 25 yaşında ikən Keş vilayətinə hakim təyin edilən və sonradan hərbi şücaəti sahəsində az qala dünyanın yarısına sahib olan Əmir Teymur deyirdi: "Dünya qorxu üzərində bərqərar olub". Müasir hərbi ekspertlərin gəldikləri qənaət ondan ibarət olub ki, Əmir Teymurun qəhrəmanlıq səlnaməsinin böyük hissəsini qorxu üzərində qalibiyyətinin dayanması olub. Bu baxımdan demək olar ki, istənilən sahədə uğur qazanmağın yolu mübarizə əhval ruhiyyəsinin yüksək olmasından və qorxu hissinə qalib gəlməkdən keçir. Nə yazıqlar ki, bugünkü reallıqda insanların böyük hissəsinin içində hər zaman qorxu hissi yaşanır. O mənada ki, bu addımı atmayım mənə söz gələr, bu işi görməyim imicim ləkələnər, bu fikri səsləndirməyim gözdən düşərəm və bu kimi qətiyyətsiz mövqe nümayiş etdirirlər.

Amma ədalət naminə demək olar ki, bu sadalananları heç də ümumi şəkildə hər kəsə aid etmək olmaz. İnsanlar var ki, qətiyyətli, sərt mövqeyi ilə seçilənlərdən olur. Xüsusilə də, ictimai-siyasi proseslərdə iştirakçı olan şəxslər var ki, bu insanlar cəmiyyətdə öz aydın fikirləri, qətiyyətli mövqeləri ilə ümumxalq hörməti və rəğbəti qazanıblar. Yaxşılar haqqında danışmaqdan uzaq olub, qorxaqlığı, zəifliyi ilə milli və dövlətçilik maraqlarına zərbə vurmağa çalışanlardan söhbət açmaq istəyirəm. O şəxslərdən ki, əlləri daim hansısa Azərbaycanı istəməyən xaricilərin cibində olub, ölkəmiz haqqında beynəlxalq arenada mənfi rəyin formalaşdırılmasına səylər göstərirlər. "Sülh və Demokratiya İnstitutu"nun rəhbəri Leyla Yunusovanı necə qorxaq və dövlət maraqlarına zidd mövqe sərgiləyən insan hesab etmək olmaz ki, bu məxluq Azərbaycan dilindən ancaq söyüş söymək ücün istifadə etdiyini bildirir. Leyla Yunusovanı necə tənqid etməyəsən ki, bu şəxs xarici fondlardan maliyyə yardımı almaq üçün beynəlxalq təşkilatlara Azərbaycan haqqında boş və mənasız, şər və böhtana əsaslanan "donos"ları ünvanlayır. AXCP sədri Əli Kərimliyə nə haqla "malades" (tərcüməsi əhsən deməkdir - İ.Ə.) deyəsən ki, bu partiya sədri siyasətdə yerini möhkəmləndirmək üçün liderini zəhərləyib. Adını demokrat qoymağa calışan Müsavat başqanı İsa Qəmbər başqanlıqdan getmək qorxusunu önləmək ücün partiyanın qurultayını uzadır. Hətta məzhəkələr qurub, şoular yaradır ki, başqanlıqdan getməsin. Buna isə qorxaqlıqdan başqa ad vermək mümkün deyil.

Demokrat demişkən bu günlər "Yeni Müsavat" qəzetinin köşə yazarlarından biri iddia edib ki, İsa və Əli əkələrə milli demokratlar deyilməsə bu onlara sataşmaq kimi dəyərləndiriləcək. Düzünü deyim ki, yalvar yaxar xarakterli müraciətdən heç də təəccüblənmədim. Ən azı ona görə ki, küçə təfəkkürlü meydan qəhrəmanları hələ də keçmişin eyforiyasından ayılmayıblar. Hələ də, kosmos əsrində yaşadığımızı, dünyanın və dünyanın ayrılmaz hissəsi olan Azərbaycanda demokratik proseslər yaşandığını, ictimai-siyasi gəlişmələrdə çox ciddi dəyişiklər baş verdiyini anlamırlar. Başa düşmürlər ki, adlarının önünə demokrat və ya milli demokrat sözlərini əlavə etməklə, cəmiyyətdə qazandıqları mənfi imici dəyişə bilməyəcəklər. İsa Qəmbər və ya Əli Kərimli demokratdırlarsa nəyə görə 20 ilə yaxındır ki, ölkədə keçirilən bütün seçkilərdə uduzduqları halda siyasətə əlvida demirlər? Bu azmış kimi, sədrlik kreslosundan möhkəm yapışmaqla digər partiyaları dağıtmağa səylər göstərirlər. Müxalifət düşərgəsində sıradan çıxan, tarixin arxivinə atılan partiyaların böyük əksəriyyəti İsa Qəmbər-Əli Kərimli tandeyiminin acı bəhrəsi olub. İndi də hədəfdə Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi KXCP-dir. KXCP-də fraksiyanın yaradılması, sədr müavinlərinin M. Mirəlioğluna ultimativ tələblər ünvanlamaları təbii ki, İ.Qəmbərin beyninin məhsuludur. Həmin fraksiyaçıların oktyabrın 13-də Müsavat qərargahında toplantı planlaşdırmaları İ.Qəmbərin dağıdıcı və pozucu fəaliyyəti ilə bağlı mövqeləri möhkəmləndirmiş olur. Bu dağıdıcılıq pozuculuq isə təbii ki, qorxu hissindən irəli gəlir. Birdən Mirmahmud Mirəlioğlu önə keçər və müxalifətin aparıcı simalarından birinə çevrilər. Ona görə deyiblər qorxu çox pis şeydir. Vay o günə ki, o qorxu başa yumruq, qarına təpiklə müşayiət oluna.