Dinamik inkişaf edən müdafiə sənayesi Azərbaycanın hərbi qüdrətini daha da artırır

10 Oktyabr 2012 15:48 (UTC+04:00)

Ölkəmizin müdafiə sənayesinin gücləndirilməsi Azərbaycan dövlətinin xüsusi diqqət mərkəzindədir. 7 il öncə Müdafiə Sənayesi Nazirliyinin yaradılması da bu istiqamətdə atılan böyük uğurlardan biridir. Hazırda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir çox müəssisənin - Elektron Hesablayıcı Maşınlar, "Alov", Xaçmaz "Kondensator", Tərtər "Elektromexanika", Şirvan "Araz" zavodlarının, Milli Aerokosmik Agentliyin əsası 1970-1982-ci illərdə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi illər öncə yaradılmasında əvəzsiz xidmətləri olmuş bu müəssisələrə sanki ikinci nəfəs verib. Müharibə vəziyyətində yaşayan Azərbaycanda hərbi-texniki bazanı gücləndirmək və bu sahədə xaricdən asılılığı azaltmaq məqsədilə Heydər Əliyev ilk olaraq "Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqramı"nı təsdiq edib. Bununla, yenicə müstəqillik əldə etmiş respublikada müdafiə sənayesinin inkişafının yeni mərhələsinə qədəm qoyulub.

Bizim hərbi gücümüz, hərbi potensialımız artır

Bu istiqamətdə aparılan məqsədyönlü siyasət Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla həyata keçirilir. Respublikanın müharibə vəziyyətində yaşamasını nəzərə alan və bu sahənin inkişaf etdirilməsini zamanın tələbi kimi dəyərləndirən ölkə başçısının Müdafiə Sənayesi Nazirliyinin yaradılmasına dair imzaladığı 16 dekabr 2005-ci il tarixli sərəncam bunun bariz nümunəsidir.
Ölkə prezidenti İlham Əliyevin dediyi kimi biz iqtisadi sahədə olduğu kimi, hərbi sahədə də köklü islahatlar aparırıq: "Bizim hərbi gücümüz, hərbi potensialımız artır. 2011-ci ildə hərbi xərclərimiz 3 milyard dolları keçmişdir. Bu, Ermənistanın bütün xərclərindən çoxdur. Ən müasir silahlar, texnikalar, döyüş təyyarələri, döyüş helikopterləri, sursatlar gətirilir və gətiriləcəkdir. Bununla bərabər, bir neçə il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə Azərbaycanda artıq 600 növ hərbi yönümlü məhsullar istehsal edilir. Biz gələcəkdə də hərbi potensialımızı gücləndirmək üçün səylərimizi əsirgəməyəcəyik. Bu gün Azərbaycanın hərbi potensialı bizə imkan verir ki, doğma torpaqlarımızı işğalçılardan istənilən yolla azad edək".

Məmulatlar beynəlxalq sərgilərdə nümayiş olunur

Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətə başladığı ilk gündən etibarən bir sıra mühüm işlər həyata keçirilib. Nazirliyin tabeliyində olan 14 müəssisə əsaslı şəkildə təmir edilib və beynəlxalq standartlara cavab verən avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Dünyanın bir çox inkişaf etmiş ölkələrinin qabaqcıl şirkətləri ilə sıx əməkdaşlıq qurulub. Artıq nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar beynəlxalq sərgilərdə nümayiş olunur. İlk dəfə olaraq 2009-cu ildə Türkiyədə təşkil olunan "IDEF-2009" sərgisində 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirliyi sonuncu qatıldığı "IDEF-2011" sərgisində 89 adda müdafiə təyinatlı məmulat nümayiş etdirib.

Yeni istehsalat sahələri yaradılır

Hazırda Azərbaycanda "Matador" və "Marauder" tipli zirehli transportyorların, "Aerostar" və "Orbiter-2M" tipli pilotsuz uçuş aparatlarının birgə istehsalı, NATO standartlarına uyğun müasir tipli tapançaların istehsalı, Silahlı Qüvvələrdə istifadə edilən keçmiş SSRİ istehsalı olan müxtəlif tipli zirehli döyüş maşınlarının müasir tələblərə uyğun təkmilləşdirilməsi işləri uğurla həyata keçirilir.
Bundan başqa Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş 20-dən çox dövlətinin firma və şirkəti ilə sıx əməkdaşlıq edir.

Nazirliyin müəssisələrində yaradılan yeni istehsalat sahələri Azərbaycan Respublikası Silahlı Qüvvələrini müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün tam gücü ilə fəaliyyət göstərir. Bunun nəticəsidir ki, 2011-ci ildə istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmi 2007-ci illə müqayisədə 23 dəfədən çox artıb.

"Dünyanın qabaqcıl şirkətlərinin qatıldığı sərgilərdə nümayiş olunan Azərbaycan istehsallı məmulatlar, xüsusi ilə "İstiqlal" snayper tüfəngi xarici ölkə nümayəndələri tərəfindən xüsusi maraqla qarşılanır. Bütün bunlar Azərbaycanın müdafiə sənayesinin inkişafının bariz nümunəsidir.

Ən müasir tökmə prosesi ilə həyata keçirilən zirehli maşınların tırtıllarının və müxtəlif çaplı minaların gövdələrinin hazırlanması uğurla sınaqdan çıxıb və istehsalına başlanılıb. Bu tökmə prosesi ölkə iqtisadiyyatının digər sahələrinə də öz töhfələrini verir.

İxtisaslı kadrların hazırlanması üçün tədbirlər görülür

Hazırda nazirliyin müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı ilə yanaşı, mövcud istehsal bazasından istifadə etməklə mülki məhsulların yeni növlərinin mənimsənilməsi istiqamətində də məqsədyönlü işlər aparılır. Bunun nəticəsidir ki, mülki məmulatların istehsal həcmi bir neçə dəfə artıb. İstehsal edilən məhsulların çeşid sayı 400-ü ötüb. Onların arasında fontan armaturları, fontan siyirtmələri, terminalda qazın qəbulu, tənzimlənmə və ölçmə qovşaqlarının avtomatlaşdırılmış məlumat-nəzarət sistemləri, 9 növ tibb avadanlığı, 2 növ ov tüfəngi, müxtəlif növ mebel dəstləri, liftlərin təmiri üçün idarə pultları, gəmilərin təmiri üçün ehtiyat hissələri, traktorlar üçün tırtıllar, 1 və 2 yaruslu çarpayılar, səyyar yemək termosları, smart kartla işləyən qaz sayğacları, rəqəmsal işıqforlar, müxtəlif güclü akkumulyator batareyaları, müxtəlif laylı çap lövhələri, rəqəmsal televiziya yayımı üçün dekoderlər və s. var.

2010-cu ildən etibarən nazirliyin müəssisələrində istehsal olunan mülki məhsulların da beynəlxalq sərgilərdə nümayişinə başlanılıb.
Müdafiə Sənayesi Nazirliyi qarşısında duran prioritet məsələlərdən biri də sahənin ixtisaslı kadrlarla təmin edilməsidir. Bu məqsədlə müdafiə sənayesi üzrə mütəxəssis hazırlanması üçün müvafiq fakültənin açılması ilə bağlı respublika hökuməti tərəfindən qərar qəbul edilib. Azərbaycan Texniki Universitetində fakültənin yaradılması və növbəti tədris ilindən başlayaraq müvafiq ixtisaslar üzrə bakalavr və magistr pillələri üzrə tələbə qəbulunun həyata keçirilməsi üçün tədbirlər görülür.

Uğurlar artır

7 ilə yaxın bir müddətdir fəaliyyət göstərən Müdafiə Sənayesi Nazirliyi əldə etdiyi uğurlarla kifayətlənmir, Azərbaycanın müstəqillik tarixinə yazılacaq yeni-yeni nailiyyətlərlə imza atır.

Aparılan məqsədyönlü işlər nəticəsində nazirliyin müəssisələrində müvafiq proqramlar əsasında müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı üçün yeni istehsal sahələrinin yaradılması işləri davam etdirilir.
2012-ci ildə bağlanmış müqavilələr əsasında respublikanın güc strukturlarının sifarişləri üzrə müdafiə təyinatlı məmulatlar istehsal edilərək təhvil verilib. Eləcə də mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilib.

2012-ci ilin birinci yarısında nazirliyin müəssisələrində istehsal olunmuş məhsulların ümumi həcminin 68,3 faizini müdafiə və xüsusi təyinatlı, 31,7 faizini isə mülki təyinatlı məhsullar təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 25 faiz artıb.