Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru Aida İmanquliyevanın anadan olmasından 73 il ötür. 1939-cu ilin bu günündə Bakıda ziyalı ailəsində dünyaya gəlmiş A.İmanquliyevanın atası görkəmli jurnalist, pedaqoq, əməkdar elm xadimi Nəsir İmanquliyev Azərbaycan mətbuatının böyük simalarından olub, uzun müddət "Bakı" və "Baku" qəzetlərinin baş redaktoru işləyib.
A.İmanquliyeva 1957-ci ildə Bakı şəhərindəki 132 saylı orta məktəbi qızıl medalla başa vurub. 1957-ci ildə Bakı Dövlət Universitetinə daxil olub. 1962-ci ildə Universitetin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsini bitirdikdən sonra həmin universitetin Yaxın Şərq xalqları və ədəbiyyatı tarixi kafedrasının aspirantı olub, daha sonra keçmiş SSRİ EA Asiya xalqları İnstitutunun aspiranturasında təhsil alıb.
1966-cı ildə namizədlik dissertasiyasını müdafiə edən A.İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq İnstitutunda işə başlayıb. Kiçik elmi işçi (1966), baş elmi işçi (1973), ərəb filologiyası şöbəsinin müdiri (1976-cı ildən), elmi işlər üzrə direktor müavini (1988-ci ildən) və 1991-ci ildən ömrünün son günlərinədək Azərbaycan EA şərqşünaslıq İnstitutunun direktoru vəzifələrində çalışıb.
A.İmanquliyeva doktorluq dissertasiyasını 1989-cu ildə Tbilisi şəhərində müdafiə edib, ilk azərbaycanlı qadın-ərəbşünas elmlər doktoru olub, tezliklə bu ixtisas üzrə professor adı alıb.
3 monoqrafiya ("Mixail Nuaymə və "Qələmlər birliyi", M.,1975; "Cubran Xəlil Cubran", B., 1975; "Yeni ərəb ədəbiyyatının korifeyləri", B., 1991) və 70-dən artıq elmi məqalənin müəllifi olan A.İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən "Asiya və Afrika xarici ölkələri ədəbiyyatları" ixtisası üzrə müdafiə şurasının üzvü, sədr müavini və sədri vəzifələrini tutub.
Prof. A.İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini dəfələrlə yaxın və uzaq xarici ölkələrdə (Moskva, Kiyev, Poltava, Sankt-Peterburq, Halle və s.) təmsil edib. O, elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı ərəbşünas kadrların hazırlanmasını diqqət mərkəzində saxlayıb. Rəhbərlik etdiyi "Ərəb filologiyası" şöbəsində qısa müddətdə 10-dan artıq namizədlik dissertasiyası müdafiə edilib.
Aida İmanquliyeva Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının və Yazıçılar Birliyinin üzvü olub.Uzun illər BDU-da ərəb filologiyası fənnindən mühazirələr oxuyub.
A.İmanquliyeva 1992-ci ilin sentyabrın 19-da vəfat edib.