“Gürcü arzusu” gerçəyə çevrildi

9 Oktyabr 2012 16:42 (UTC+04:00)

Gürcüstanda keçirilən parlament seçkiləri dünyanın diqqət mərkəzində olduğu qədər Azərbaycanı da yaxından maraqlandıran məsələ idi. Seçkilərin nəticəsi gözlənilənlərin əksinə oldu. Nüfuzlu ekspertlərin proqnozları özünü doğrultmadı, prezident Mixail Saakaşvilinin sədri olduğu partiya məğlubiyyətə uğradı. "Gürcü arzusu" koalisiyanın lideri Bidzina İvanişvili qələbə qazandı. Qeyd edək ki, Gürcüstan parlamentinin yeni tərkibində "Gürcü arzusu" koalisiyası 83 mandata, hakim "Vahid milli hərəkət" isə 67 mandata sahibdir.

Qələbənin sirri

Bir vaxtlar Saakaşvilinin himayədarı olan Bidzina İvanişvili 2011-ci ildən siyasətlə məşğul olacağını bəyan etdikdən sonra ölkədə ona qarşı təzyiqlər edilməyə başladı. Lakin bütün maneələrə, çətinliklərə baxmayaraq zəngin iş adamı baş nazir postuna qalxa bildi.

Saakaşvilinin sosial siyasətdə uğurlar qazana bilməməsindən yararlanan İvanişvili öz vədləri ilə xalqın inamını qazana bildi. Hər nə qədər Saakaşvili ölkədə rüşvətin kökünü kəssə də, güc strukturlarında ciddi reformalara imza atsa da xalqın sosial durumun yaxşılaşdıra bilmədi.

Solçu ideologiyaya söykənən İvanişvilinin Saakaşvilidən fərqli siyasət yeridəcəyi məlumdur. O, qələbədən sonra keçirdiyi mətbuat konfransında Gürcüstanın NATO və Avropa Birliyinə inteqrasiyasının davam edəcəyini deyib. Bununla yanaşı İvanişvili sözsüz ki, Rusiya ilə əlaqələri bərpa etmək və diplomatik münasibətləri yoluna qoymaq niyyətindədir.

Çox güman ki, İvanişvili Saakaşvilidən fərqli olaraq balanslı siyasətə üstünlük verəcək və daha çox sosial proqramlar üzərində çalışacaq.

Seçkilərdən sonra qalibiyyətini elan edən Bedzina İvanişvili prezidenti istefa verməyə çağırsa da sonradan bəyan edib ki, seçki ərəfəsində gərgin mübahisələrə baxmayaraq Saakaşvili konstruktiv mövqe tutduğu halda onunla əməkdaşlıq etməyə hazırdır.

Azərbaycanla əlaqələrimiz çox sıx olacaq

Ekspertlərin fikrincə, Gürcüstanda kimin hakimiyyətə gəlib-gəlməməsindən asılı olmayaraq ölkənin Azərbaycanla bağlı siyasətində kardinal dəyişikliyin olması gözlənilən deyil. Birmənalı olaraq demək olar ki, iki ölkə arasında reallaşdırılan neft və qaz layihələri yeni hökumət tərəfindən də dəstəklənəcək. Gürcüstanla Azərbaycan arasında strateji əməkdaşlığın davam etməsində problem yoxdur

Gürcüstanın yeni hökumətində baş nazir postunun yeni sahibi Bidzina İvanişvili açıqlamasında bildirib ki, Azərbaycanla Gürcüstan arasında olan tarixi dostluq münasibətlərinin inkişafı yeni formalaşan hökumətin prioritet məqsədlərindən biridir.

O bildirib ki, iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə çalışacaq. Azərbaycanla əlaqələrimiz çox sıx olacaq və mənim məqsədim budur.

Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze keçirdiyi mətbuat konfransında deyib ki, Gürcüstanda hökumətin dəyişməsi ilə xarici siyasət dəyişmir, bu siyasət davam edəcək". Səfir Azərbaycanla Gürcüstanın münasibətlərinin bundan sonra da davam edəcəyini, daha da dərinləşəcəyini və inkişaf edəcəyini vurğulayıb: "Bütün istiqamətlərdə münasibətlər davam edəcək. Azərbaycan ABŞ-la birgə Gürcüstanın əsas strateji müttəfiqdir".

T. Şaraşenidze Gürcüstanda yeni hökuməti formalaşdıran və baş nazir kreslosuna əyləşəcək Bidzina İvanişvilinin ilk xarici səfərini ABŞ-a edəcəyini, daha sonra onun Azərbaycana səfərinin təşkil olunacağını açıqlayıb.

Ermənilər nəyə görə Gürcüstanda yaşayır?

Ermənilərə qarşı antipatiyası ilə bilinən İvanişvili "New Times" jurnalına müsahibəsində bildirib ki, ermənilərin nəyə görə Gürcüstanda yaşadıqlarını anlaya bilmir: "Biz gürcülər qəribə millətik, torpağımıza bağlıyıq. Bu bizim xarakterimizdir. Baxın, misal üçün, burada ermənilər yaşayırlar. Mən heyrətlənirəm: Onların vətəni yaxındadır, lakin onlar burada yaşayırlar".