Ermənistanda işsizlik və yoxsulluq baş alıb gedir. Aktual problemlərin içərisində inflyasiya da ön sıralardadır. Ermənistanda keçirilən sorğu zamanı ermənilərin 95 faizi hakimiyyətin səhv siyasət yürütdüyünü və ölkə, xalq üçün deyil, öz çıxarları üçün çalışdıqlarını bildiriblər.
Ermənilər vahimə içərisindədir
Ölkədə ifrat yoxsulluğun artması insanları qorxu və vahiməyə salıb. Aclıqdan yaxa qurtarmaq üçün ölkəni tərk edənlərin sayı da günbəgün artmaqdadır.
Çünki, burada gələcək həyat tərzinin yaxşılığa doğru davam və inkişaf edəcəyinə inam gün keçdikcə daha da azalır. Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı olması, Gürcüstanla o qədər də yaxşı olmayan münasibətlər, indiki məqamda İranda güclənməkdə olan inflyasiya və siyasi-iqtisadi böhranlar Ermənistana daha böyük sarsıdıcı zərbələr vurur. Əmək haqlarının həddindən artıq aşağı olması, korrupsiyanın adi hala çevrilməsi, təqaüdlərin real bazar zənbilinin ehtiyaclarına cavab verməməsi, insan haqlarının durumunun bərbad vəziyyəti ölkə vətəndaşlarını hakimiyyətə qarşı inamsızlığını və qəzəbini artırıb. Əhalinin 30 faizinin fikrincə işsizlik həddinin ildən ilə artmasının əsl günahkarı prezident Serj Sarkisyandır. 56.4 faizinin sözlərinə görə, günahkarlar sırasında hökumətin, 5 faizinin açıqlamasına görə parlamentin də payı var.
Miqrasiya prosesinin artmasında rəyi soruşulanlardan 42 faizinin fikrincə bu məsələdə günahkar prezident, 46 faizinə görə hökumət, 2.4 faizi isə parlamentdir.
Ölkə daha ağır duruma düşəcək
İş o yerə çatıb ki, "Dağlıq Qarabağ" mövzusu ermənilər üçün əsas və köklü problemlərin siyahısında sonuncu yerlərdə dayanır. Respondentlərin 41 faizinə görə bu problemin həll edilməməsinin başlıca günahkarı prezident Serj Sarkisyandır. Əhalinin ümumi rəyinə əsasən bütün bunların Ermənistanı 2013-cü ildə daha da ağır duruma sürükləyəcəyi, onların gələcəyə olan inamının sarsılmasına səbəb ola biləcəyi qənaətini yaradıb. Çünki, perspektivdə sosial və iqtisadi həyat tərzinin inkişafı yönündə nə hökumət, nə müxalifət, nə də müstəqil ekspertlər heç bir nikbin proqnozlar irəli sürə bilmirlər. Bu statistik rəqəmlər ümumi mənzərəni heç də tam əhatə etmir.
Əlillərdən də rüşvət alınır
Ölkənin baş naziri Tiqran Sarkisyan da etiraf edib ki, Ermənistanda korrupsiya halları tüğyan edir. Rüşvət alma faktlarına daha çox Sosial Sığorta Nazirliyində rast gəlinir. Onun sözlərinə görə, sözügedən sahədəki biabırçılıqları baş nazirin nəzarət xidməti aşkarlayıb. Bu xidmətin təqdim etdiyi məlumata əsasən, hər il 65-70 min nəfər Tibbi-sosial ekspertiza agentliyinə müraciət edir, həmin agentlikdə isə əlilliyin dərəcəsinin müəyyənləşdirilməsi üçün onlardan pul tələb edilir.
Əlillər bir çox hallarda əvvəlcədən onlardan pul tələb ediləcəyini bilirlər.
Tibbi müəssisəyə ərizə üçün 15-20 min dram verir, sonra komissiyaya gələrkən 35 min dram verməsə əlillik qrupuna yenidən baxılmır.
Ərzaq məhsulları bahalaşıb
Ermənistanda un məmulatlarının qiyməti yenə də artmaqdadır. Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, cari ilin avqust ayı ilə müqayisədə sentyabrda un məmulatlarının qiyməti 1,3% artıb. Çörək-bulka məmulatlarının bahalaşması yüksək keyfiyyətli unun qiymətinin bahalaşması ilə bağlıdır.
Qeyd edək ki, göstəricilərə əsasən, bu ilin yanvar-avqust aylarında qiymətlər 0,2-3,6% artıb, 8 ay ərzində bu bazarda inflyasiya 15,3% təşkil edib. Birinci növ unun qiymətində isə 7,8% inflyasiya qeydə alınıb.
Ermənistan Milli Statistika Xidmətinin məlumatında o da qeyd olunur ki, aylıq müqayisədə inflyasiya 0,8 faiz artıb. Buna səbəb çörək, tərəvəz və kartofun 1,5-10,7 faiz bahalaşması olub.
İllik müqayisədə isə ərzaq məhsulları, o cümlədən alkoqol və tütün 1,8 faiz, qeyri-ərzaq məhsulları 5,7 faiz, xidmətlər isə 2,1 faiz bahalaşıb.