Prokurorluq əməkdaşları akademik Hüseyn Əhmədovun – Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin qayınatasının mənzilində və ofisində axtarış aparıblar. SİA-nın məlumatına görə, axtarış müvafiq məhkəmə qərarı olmadan aparılıb ki, bu da qanunsuzdur. Buna görə də akademik məsələ ilə bağlı etirazını bildirib.
Xatırladaq ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib.
Qeyd edək ki, Azərbaycanın baş prokuroru Zakir Qaralov ötən gün mətbuata verdiyi açıqlamasında həmin fakt üzrə cinayət işinin başlandığını və video çəkilişin aparıldığı ABU inzibati binasına baxış keçirildiyini bildirib. E. Abdullayevin qanunsuz əməllərindən danışan Z. Qaralov bir sıra suallara aydınlıq gətirilməsi və G. Əhmədova ilə üzləşdirilməsi üçün onu Azərbaycana dəvət edib.