Ötən gün Bakı Hərbi Məhkəməsində Sumqayıtın sabiq hərbi komissarı, polkovnik-leytenant Samir Məmmədov və digər vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə keçirilib. Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı Samir Məmmədovun 12, komissarlığın 2-ci bölməsinin rəisi, polkovnik-leytenant Fəxrəddin Əliyevin 6, hərbi həkim komissiyasının sədri Mirnazir Muxtarov və 2-ci bölmənin rəis köməkçisi vəzifəsini müvəqqəti icra etmiş Azər Xalıqovun hər birinin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib. Təqsirləndirilən şəxslərin vəkilləri çıxışa hazır olmadıqları üçün hakimlərdən vaxt istəyiblər. Buna görə də proses oktyabrın 16-dək təxirə salınıb.
Sabiq hərbi komissar, 2-ci bölmənin rəisi və həkim komissiyasının sədri Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığ), 341.2.1-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham olunurlar. Adıçəkilən şəxslər ötən il həbs olunublar.
İttiham aktına görə, hərbi komissar işlədiyi müddətdə rüşvət alaraq bir qrup çağırışçıya hərbi xidmətə çağırışdan möhlət verilməsi və TQDK-ya təqdim etmək barədə arayış verib, bəzi çağırışçıların hərbi xidmətə yararsız hesab edilməsi, hərbi xidmətə yararsız olan çağırışçıların hərbi xidmətə göndərilməsi barədə qanunsuz qərarlar qəbul edib.