Prezidenti Roza Otunbayevanı qəbul edib

2 Oktyabr 2012 15:48 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının keçmiş Prezidenti Roza Otunbayevanı qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin daha da genişləndirilməsi üçün böyük imkanların olduğu qeyd edilib. Azərbaycanda bir neçə dəfə səfərdə olduğunu vurğulayan xanım Roza Otunbayeva Bakıda, Gəncədə və respublikamızın digər regionlarında böyük infrastruktur layihələrinin həyata keçirilməsinin şahidi olduğunu bildirib, ötən dövr ərzində ölkəmizin əldə etdiyi iqtisadi uğurların onda dərin təəssürat yaratdığını qeyd edib.

Həmçinin Prezident İlham Əliyev bu gün BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Fikrət Akçuranı fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. BMT-nin rezident əlaqələndiricisi Fikrət Akçuranın ölkəmizlə BMT arasında əməkdaşlığın genişləndirilməsi işindəki xidmətlərini vurğulayan dövlət başçısı onun Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Fikrət Akçura öz növbəsində ölkəmizdə gedən davamlı inkişaf proseslərinin önəmini vurğulayıb, Azərbaycandakı diplomatik fəaliyyətindən məmnunluğunu ifadə edib.