“Gülər Əhmədovanın görüntülərinə baxdıqda….” MÜSAHİBƏ

2 Oktyabr 2012 15:36 (UTC+04:00)

Politoloq Mirkazım Seyidovun SİA-ya müsahibəsi:

- Müxalif qüvvələr Gülər Əhmədovanın məsələsini siyasiləşdirir. Məsələnin bu cür təqdim olunması nə dərəcədə düzgündür?

- Bu gün ictimaiyyətdə baş verən hadisələr insanlar arasında müxtəlif fikirlər yaradır. Seçkilər ərəfəsində müxalif qüvvələr daha da aktivləşirlər. Onlar bu məsələni daha da xaotik şəklə salmağa çalışırlar. Gülər Əhmədovanın görüntülərinə baxdıqda belə bir fikir yaranır ki, iki fərdi şəxs cinayət törətmək istəyiblər. Onların əməli sübuta yetirilənə qədər biz onları cinayətkar adlandıra bilmərik. İki fərdi şəxsin hərəkətini ictimailəşdirmək, insanların beyninə başqa cür fikirlər yeritmək özü bir cinayət əməlidir. Radikal müxalifət nümayəndələri özləri yaxşı bilirlər ki, hakimiyyətdə olduqları dövrlərdə bundan da ağır cinəyətlər törədilib. Həmin vaxtlar vəziyyəti vətəndaş müharibəsinə qədər də gətirib çıxarıblar. Radikal müxalifətin bu qədər fəallaşması iki məqsəd daşıyır. Azərbaycanda stabilliyi pozmaq, xaotik vəziyət yaratmaq və bu vəziyyətdən hakimiyyətə gəlmək üçün istifadə etmək. İki şəxs cinəyət törədibsə onları ittiham etmək üçün dövlətin öz qayda-qanunları, xüsusi orqanları var. Radikal müxalifətin başqa bir məqsədi isə pul qazanmaqdır. Onlar rezanans xarakterli başlıqlar verməklə öz qəzetlərinin satışını təmin etmək istəyirlər. Radikal müxalifət bu işin daha da ictimailəşməsinə yox, qanun çərçivəsində həll olunmasına çalışmalıdır.

- Separatçı Dağlıq Qarabağ rejimi Xankəndi hava limanını rəsmən istifadəyə verib. Məsələ ilə bağlı hansı addımlar atılmalıdır?

- Bu, çoxdan gündəmdə olan məsələdir. Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin də nota xarakterli bəyanatları olub. Prezident İlham Əliyev də bu məsələ ilə bağlı münasibətini bilidirib. Bütün dünya bilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və açdığı aeroport da Azərbaycana məxsusdur. Ermənistanın bu hərəkətlərinə ilk növbədə Azərbaycanın maraqlarını müdafiə edən bəynəlxalq təşkilatlar öz münasibətini bildirməlidir. Bu ərazi Azərbaycana məxsus olduğuna görə təyyarəni vurmaq haqqımız da var. Əgər bu uçuş baş tutsa, o zaman Ermənistan və beynəlxalq təşkilatlar bizə qarşı təxribat hazırlamış olacaqlar.

XANIM NAĞIYEVA