Xocavənd yad edildi

2 Oktyabr 2012 11:23 (UTC+04:00)

Xocavənd rayonunun ermənilər tərəfindən işğal olunmasının 20-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, anım mərasimində Xocavənd rayonunun icra başçısı Eyvaz İsmayılov, millət vəkilləri Aqil Abbas, Elman Məmmədov və Xocavənddən olan məcburi köçkünlər bir araya gələrək Şəhidlər Xiyabanını ziyarət ediblər, Vətən uğrunda canından kecmiş qəhrəman oğulların məzarı önünə gül dəstələri düzüblər.

Eyvaz İsmayılov Xocavəndin Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu vurğulayıb: "Xocavənd rayonunun ərazisində yerləşən Nərgiz təpə adlı yerdə şəhidlər üçün abidə qoyulub və biz rayonun işğal olunması ilə bağlı həmin abidə önünə böyük yürüş keçirmişik. Dünya ictimaiyyətinə xocavəndlilərin müraciətini oxumuşuq. Xocavəndlilər müharibə zamanı böyük rəşadət göstəriblər, döyüşüblər və Qarabağın bir hissəsini qoruyub saxlayıblar. Xocavənd və ümumilikdə Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Vətənin 20%-ni geri qaytarmağa bizim əsaslı səbəblərimiz var".

Qeyd edək ki, ərazisi alçaq dağlıq və düzənlikdən ibarət olan Xocavənd rayonunun ümumi sahəsi 145647 hektardır. Rayon 2 şəhər tipli qəsəbə və 38 kənddən ibarətdir.

İşğal zamanı Xocavəndin ərazisi bütövlükdə ekoloji terrora məruz qalıb. Azıx mağarasını ermənilər silah anbarına çeviriblər. Rayonun ərazisində yerləşən və ümumi sahəsi 25,5 min hektar olan meşədəki palıd ağacları qırılaraq daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə isə tamamilə məhv edilib. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən ağaclar da kəsilib.

Azərbaycanın qədim yaşayış məskəni kimi dünyada tanıdan abidələrdən biri, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənubi-şərqində yerləşir. Həmin rayonun Mets-Tağlar kəndindən cənubda, dəniz səviyyəsindən 850 m hündürlükdə yerləşən, uzunluğu 22 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Tağlar mağarası da tarixi abidə kimi xüsusi əhəmiyyətə malikdir.