Gənclər Fondu Albaniyada

2 Oktyabr 2012 11:14 (UTC+04:00)

Albaniyanın Gənclər, İdman, Turizm və Mədəniyyət Nazirliyinin, BMT-nin Əhali Fondunun (UNFPA) SALTO-YOUTH Cənub Şərqi Avropa və Qafqaz üzrə Resurs Mərkəzinin, Əməkdaşlıq və Təlim üzrə Resurs mərkəzinin, Cənub Şərqi Avropa Resurs mərkəzinin birgə təşkilatçılığı ilə Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən "Cənub Şərqi Avropada Gənclər Siyasəti sahəsində əməkdaşlıq: gənclər işinin hüquqi statusu və qeyri formal maarifləndirmə prosesi " adlı beynəlxalq Simpoziumda 20 ölkədən nümayəndə heyəti iştirak edir.

Azərbaycan Gənclər Fondundan SİA-ya verilən məlumata görə, simpoziumda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunu Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov təmsil edir. Sektor müdirinin verdiyi məlumata görə, simpoziumun davam etdiyi müddət ərzində iştirakçı ölkələrin öz təcrübələri ilə bölüşməsi üçün xüsusi məkanda maarifləndirici sərgi də təşkil olunub. Həmçinin, yeni konsepsiyaların birgə hazırlanması üçün ortaq müzakirə formatı təmin olunmaqla işçi qrupları formalaşdırılıb. Simpozium müddətində Orxan Ərəbov Azərbaycan Gənclər Fondunun fəaliyyət istiqamətləri, məqsədi, maliyyələşdirmə imkanları və mexanizmləri haqqında iştirakçısı olduğu SALTO-YOUTH Cənub Şərqi Avropa və Qafqaz üzrə Resurs Mərkəzləri adlı işçi qrupuna daxil olan ölkələrin nümayəndə heyətlərinə ətraflı məlumat verib, onların Fond haqqında olan suallarını cavablandırıb. Bundan əlavə, simpozium zamanı beynəlxalq statuslu Maarifləndirmə Sisteminin İnkişafı Fondunun direktor müavini, eyni zamanda "Youth in Action" proqramının Polşa üzrə milli agentliyinin direktoru cənab Tomasz Brateklə Orxan Ərəbovun görüşü baş tutub. Görüş zamanı qarşıda duran razılaşdırılmış birgə layihələrin müzakirəsi və yeni fəaliyyət sahələri ətrafında fikir mübadiləsi aparılıb və fondlararası qarşılıqlı anlaşma haqqında memorandum təklifi müzakirə edilib.

Qeyd edək ki, hazırda simpozium öz işinə davam edir.