"İndi səmamızı əlimizdən alırlar"

2 Oktyabr 2012 09:42 (UTC+04:00)

"Azərbaycanın siyasi səmasını kompromat savaşlar, iqtisadi diversiyalara bənzəyən yanğınlar və yol qəza qətliamları tutduğu bir dönəmdə Xankəndi hava limanı istifadəyə verildi. Ölkə insanının ümumxalq etirazını qazanmalı olan bu olay kütləvi hay-küy fonunda eşidilməz oldu". Bunu SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc Xankəndində yeni aeroportun açılışına münasibət bildirərkən deyib.

Qarabağ savaşının ilk illərini xatırlayan millət vəkili bildirib ki, həmin dövrlər də eyni mənzərə idi. Onun sözlərinə görə, Bakıda mitinqlərlə Şuşanın taleyini həll edirkən torpaqlar ayaqlar altından çəkilib getdi: "İndi səmamızı əlimizdən alırlar. Bizsə virtual məkanda 2005-ci ilin parlamentinə poetik nifrinlər və siyasi epitafiyalar oxumaqla məşğuluq. Qarabağı dünyada müstəqil təqdim etməkdən bundan yaxşı nə yol ola bilər? Bütün avia xəritələrə "DQR" adını saldırmaq, o ölkələrdən uçuş zolağı alaraq müstəqil qərarlar qəbul etmək gələcəkdə ciddi siyasi nəticələr doğuracaq. Kosovo üçün də belə etdilər. Hər ölkədə yaranacaq "Stepanakert hava limanı büroları" "azad bir ölkənin" ilk səfirlik xidmətlərinə, tanıtım nişanlarına və təbliğat simvollarına çevriləcək. Bir Avropa ölkəsində Azalla eyni cərgədə bunları görəndə Elşad və ABU Petrol Universiteti yadınızdan çıxacaq. Sanki ən əlverişli zamanı seçən ermənilər bizim daxlil şəraitlə harmonik hərəkət etməyi həmişə bacarıblar. Unutmayın, bu liman iri tutumlu təyyarələri qəbul edə biləcək", - deyə o əlavə edib.

Z.Oruc vurğulayıb ki, ermənilər təkcə Qarabağ dövlətçiliyini dünyaya təqdim etmək məqsədi güdmürlər, həm də bunu iqtisadi və hərbi cəhətdən mühüm dayağa çevirəcəklər. Onun fikrincə, silah və texnika artıq ən təcili zamanda ermənilərə çatdırıla biləcək və Laçın koridorunun hava xətti alternativi yaranacaq: "Onsuz da Qarabağdakı silah və texnikanı inspeksiya etmək imkanımız yox idi, indi bu proses bir az da mürəkkəbləşəcək. Dünya silah bazarı isə nəzarətsiz zonadır və onu erməni pulları ilə Qarabağa daşımaq artıq zaman məsələsidir. Bu isə Qarabağ müharibəsınin gələcəyi üçün tamam yeni mərhələdir. Bəlkə bütün iqtisadi-siyasi-diplomatik potensialımızı buna yönəldək ki, heç bir ölkə və kompaniya Azərbaycanın hava məkanınına qanunsuz daxil olmağa cəsarət etməsin və bunun itkilərini, risqlərini hesablasın. Bəlkə poetik potensialımızı, antihakimiyyət savaşlarlarımızın 5-cə faizini bura yönəldək ki, başımızın üstündəki GÖYÜMÜZÜ əlimizdən almasınlar. Torpağın işğalına dözüb də uca göylərdən yaradıcı qafiyə axtarıb Qarabağ nisgilini romanlara köçürən qələm əhli, indi Qarabağın səması da gedir. Yəqin unutmamız ki, Xankəndi deyilən bu aeroport Xocalıda yerləşir. Biz ordan ölülərimizi belə daşıya bilmədik, indi ermənilər dirilərini bu nicat yolundan aparacaqlar".