"Ramil Səfərov məsələsi artıq bitməlidir"

1 Oktyabr 2012 18:32 (UTC+04:00)

Beynəlxalq Təşkilatlara və parlamentlərə Azərbaycan Parlamentinin mövqeyini bildirmək üçün yeni yaradılan komissiya hər zaman fəaliyyət göstərsin. SİA-nın xəbərinə görə, bunu YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov parlamentin bugün keçirilən iclasında çıxışı zamanı təklif edib.

Millət vəkilinin sözlərinə görə, bu komissiya üzvləri hansısa qətnamənin qəbulu üçün hansısa məsələlərin olmasını gözləməməlidir: "Artıq Ramil Səfərov məsələsi bitməlidir. Bu məsələ Prezident tərəfindən həll olundu və bitdi. Bundan sonra hansısa məsələlərə baxmaq olmaz".

Milli Məclisin deputatı Azərbaycan-İran münasibətlərinin pozulmasında bir sıra beynəlxalq dairələri ittiham edib. S.Novruzov bildirib ki, Cənubi Azərbaycanla bağlı Qərb dövlətlərinin apardığı provakasiyalara inanmaq olmaz: "Bunlar İran-Azərbaycan münasibətlərinin pozulmasına yönəlmiş bir məsələdir. Bu məsələdə diqqətli olmaq lazımdır. Hazırda bunu bilmək lazımdır ki, Avropa Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşməsinə imkan verməyəcək. Odur ki, belə məqamlarda ehtiyatlı olmaq lazımdır. Burada əsas məqsəd Azərbaycanla İran arasındakı münasibətləri korlamaqdır".