Yeni medal təsis edildi

1 Oktyabr 2012 16:41 (UTC+04:00)

"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" yubiley medalının təsis edilməsi ilə bağlı yeni qanun qəbul olunub. SİA-nın xəbərinə görə, bu barədə qərar Milli Məclis bu gün keçirilən iclasında qərar verilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə ətraflı məlumat verib. O bildirib ki, bu medalla Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası uğrunda fəal iştirakına görə, dövlət müstəqilliyinin qorunub saxlanmasında və inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

Medalın arxa tərəfi hamar səthlidir, orta hissəsində qızıl rəngli "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" sözləri, aşağı hissədə "1991-2011" rəqəmləri, yuxarı hissədə medalın seriyası və nömrəsi həkk olunub. Ulduzun guşələri arasında olan hissədə səkkiz ədəd xırda fiqurlar əks olunub. Medalda çevrə boyunca "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" sözləri yazılıb. Bütün yazılar və təsvirlər qabarıqdır.

Bu medal döşün sol tərəfinə, Azərbaycan respublikasının digər orden və medalları olduqda, "Tərəqqi" medalından sonra taxılır. Yubiley medalı ensiz lövhə ilə birgə bürüncdən tökülən, qızıl suyuna çəkilən və diametri 35 mm olan dairəvi lövhədən ibarətdir. Medalın ön tərəfi üzərində iri səkkizguşəli ulduzun içərisində olan Azərbaycan Respublikasının xəritəsində "20 il" sözləri həkk olunub.

Qara lentin üzərində ardıcıl sıralanan, dövlət bayrağının rənglərini əks etdirən mavi, qırmızı, yaşıl rəngli bərabər ölçüdə üfüqi zolaqlar, kənarlarında isə 1 mm enində qızılı rəngli şaquli zolaqlar təsvir olunub. Lentin üst hissəsinə eni 4 mm olan qızıl təbəqə bərkidilir. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.