"Cinayətkarlığın elm kimi öyrənilməsi"

1 Oktyabr 2012 16:34 (UTC+04:00)

Azərbaycan Mətbuat Şurasının hüquqşünası, hüquqşünas-publisist Şəmsəddin Əliyevin "Cinayətkarlığın elm kimi öyrənilməsi" kitabı çapdan çıxıb. Müəllifin sayca beşinci, tədris üçün nəzərdə tutulmuş ikinci kitabı olan nəşr mütəşəkkil cinayətkarlığa - korrupsiyaya, insan alverinə, narkomaniyaya və terrorçuluğa qarşı mübarizəyə dəstək məqsədi daşıyır. Şuradan SİA-ya verilən məlumata görə, vəsaitdə cinayətkarlığı doğuran səbəb və şəraitə həm ümumi, həm də cinayətlərin konkret növ və cəhətləri baxımından aydınlıq gətirilir, ümumən cinayətkarlığın profilaktikası və xəbərdarlığı problemləri barədə mülahizələrə geniş yer verilir.

"Cinayətkarlığın elm kimi öyrənilməsi" məna və məzmunca müəllifin 2010-cu ildə çapdan çıxmış "Cinayətkarlıqla mübarizə" kitabının davamıdır. Nəşrdən tələbələr, aspirantlar, ali təhsil məktəblərinin müəllimləri və hüquq-mühafizə orqanlarının işçiləri istifadə edə bilərlər.

Qeyd edək ki, Ş.Əliyev eyni zamanda "Polisə dəstək" İctimai Birliyinin sədridir və yeni çapdan çıxmış kitab sözügedən təşkilatın Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ərsəyə gəlib.