Nəqliyyatın intellektual idarə sistemi niyə işləmir? ARAŞDIRMA

1 Oktyabr 2012 15:34 (UTC+04:00)

Bakıda intellektual idarəetmə sisteminin işə düşməsindən artıq bir neçə ay keçir. Açığını desək bu inkişafdan yalnız qürur duymaq olar. Amma nə edəsən ki, bəzən bizim arzumuzu gözümüzdə, sevincimizi üzümüzdə qoymaq istəyənlər də tapılır. Şəhərimizdəki dayanacaqlarda quraşdırılan monitorlar əslində avtobusların hərəkətini tənzimləmək üçün həm sərnişinlərin, həm də sürücülərin karına gəlməlidir. Araşdırma üçün üz tutduğumuz dayanacaqlarda isə monitorlar, elektron tablolar ya işləmir, ya da məlumatları səhv göstərir. Beləcə, paytaxtımızda milyonlarla manata quraşdırılan sistem az qalır sakinlərinin etibarından, gözündən düşə.

Yeni sistemin hazırda necə fəaliyyət göstərdiyini, sərnişinlərin informasiya terminallarından necə yararlandıqlarını öyrənmək üçün şəhərin bir neçə dayanacağında olduq, onları söhbətə çəkdik. Gördüklərimiz isə bizə onu deməyə əsas verdi ki, Bakıda nəqliyyat intellektual sistemlə idarə olunsa da yollardakı mənzərə dəyişməyib. Nə tıxaclar azalıb, nə də ki, Nəqliyyat Nazirliyinin sistemi tam fəaliyyət göstərə bilir.

Avtobusların hərəkəti haqqında məlumatları da yanlış idi. Sərnişinlərin bəziləri dayanacaqlarda quraşdırılmış tablolardan necə istifadəni ümumiyyətlə bilmir, bəziləri isə sistemin yanlış işlədiyini əsas gətirərək ona heç yaxınlaşmırlar.

Sakin Rauf Əliyev:

- Mən 95 nömrəli avtobusu gözləyirəm, aydınlaşdırmaq istəyirdim ki, nə vaxt gələcək. Gecikmələr olur, burada 5 dəqiqə yazılsa da, gec gəlir və ya əksinə olur, marşrut gəlir, amma burada qeyd olunmur.

Sakin Vüsal Xəlilov:

- İşlətmək olmur, yalandan quraşdırılıb. Hər bir dəqiqə və saniyəsi düzgün göstərmir. Dünən saat 11-də yazıldı ki, 95 nömrəli avtobus 10 dəqiqədən sonra gələcək, amma gəlib çıxmadı. Hətta yarım saat belə gözlədim ki, bəlkə gələr, amma yenə də gəlmədi ki, gəlmədi. İstəyimiz odur ki, düzgün işləsin. Sərnişinlər gəlib yalandan düyməni basıb gedirlər.

Sakin İsgəndər Əliyev:

- Bir-iki dəfə yoxlamışam amma işləmir. Monitor dayanacağa ancaq vitrin kimi durmaq üçün yarayır. Funksiyaları çətin olmaqla bərabər hətta düzgün işləmir. Orada yazılan vaxtda avtobuslar gəlmir. Vaxtlı-vaxtında gəlsə, camaat da düzgün istifadə edər. Bir sözlə hər kəs üçün rahat olar.

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənovla əlaqə saxlasaqda telefonlarımıza cavab verən tapılmadı ki, tapılmadı. Beləcə, verilən vədlər hələlik vəd olaraq qalmaqdadır.