YAP-dan Gülər Əhmədova ilə bağlı novbəti açıqlama

1 Oktyabr 2012 15:19 (UTC+04:00)

"Millət vəkili Gülər Əhmədova öz mandatından imtina etməsi ilə bağlı Milli Məclisə müraciət etdiyindən bu məsələ Mərkəzi Seçki Komissiyasına göndərilib. Mərkəzi Seçki Komissiyası da bu məsələyə baxaraq müvafiq qərarını verəcək". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O bildirib ki, daxili nizannaməyə əsasən, hər hansı bir deputat öz mandatından imtina etdiyi halda bu məsələyə Mərkəzi Seçki Komissiyası baxır. S.Novruzovun sözlərinə görə, deputat haqqında hər hansı bir cinayət işi qaldırıldıqda onun toxunulmazlığının götürülməsi Milli Məclis səlahiyyətləri çərçivəsində həyata keçirilir.

"Gülər Əhmədova partiyanın siravi üzvüdür. Bir sıra mətbuat orqanları onu qəsdən YAP-ın Siyasi Şurasının üzvü kimi qeyd etsələr də bu düzgün deyil. Onun üzvlükdən kənarlaşdırılması məsələsinə hələ ki baxılmayıb. Ona görə də Gülər Əhmədovanın partiya sıralarından çıxarılması düzgün deyil. İlk təşkilat bu məsələni öz yığıncağında müzakirə edərək hansı qərarı verəcəksə ona uyğun da məsələ həll olunacaq", - deyə S.Novruzov əlavə edib.

Elşad Abdullayevin partiyaya üzvlük məsələsi YAP-ın Binəqədi rayon təşkilatında həll edilib. Onun sözlərinə görə, Elşad Abdullayev heç bir zaman partiyanın rəsmi namizədi kimi irəli sürülməyib: "Elşad Abdullayev istər 2000-ci ildə Kürdəmirdən, istərsə də 2005-ci ildə Binəqədədi namizədliyini verərkən onun namizədliyi partiya tərəfindən qeydə alınmayıb. 2005-ci ildə Musa Musayevin namizədliyi irəli sürülüb. Kiminsə namizədliyi partiya tərəfindən irəli sürülməyibsə, o fəaliyyəti dövründə partiyaya arxalanmamalıdır".

S.Novruzov qeyd edib ki, Gülər Əhmədovanın yerinə hansısa namizədin olması isə sonranın işidir.