Hər bir intihar siyahıya düşür

1 Oktyabr 2012 14:18 (UTC+04:00)

"Respublikada baş verən hər bir intihar hadisəsi xüsusi məlumatların siyahısına düşür. Hər gün bu hadisələrlə bağlı ölkənin Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin rəhbərliyinə məruzə olunur. Həmçinin hər fakt üzrə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi qaldırılır və istintaq aparılır. İstintaq zamanı əgər müəyyən edilərsə ki, kimsə özünə qəsd edən şəxsə qarşı qanunsuz hərəkət edib və ya onu intihar etməyə vadar edib, o zaman biz həmin şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsinə baxırıq".

SİA-nın məlumatına görə, bu fikirləri son zamanlar ölkədə intihar hallarının artmasına münasibət bildirən baş prokuror Z. Qaralov deyib. O, respublikada baş verən intiharların səbəblərini açıqlamasa da, bu istiqamətdə qabaqlayıcı tədbirlərin görüldüyünü bildirib: "Bu məsələlər baş prokurorun birinci müavini tərəfindən rübdə bir dəfə daima ümumiləşdirilir. İntiharların baş vermə səbəbləri ilə də bağlı biz müvafiq orqanlara məlumatlar veririk".