Məşhur vokalçının növbəti uğuru

1 Oktyabr 2012 13:26 (UTC+04:00)

Məşhur vokalçı, Şərqin ən gənc "Koroğlu"su Ramil Qasımovun Azərbaycan bəstəkarlarının romanslarından ibarət CD albomu işıq üzü görüb. Vokalçı SİA-ya verdiyi açıqlamasında bildirib ki, albomda dahi Üzeyir Hacıbəylinin romansları, həmçinin, Asəf Zeynallının Ramiz Mustafayevin, Oqtay Zülfüqarovun, Vasif Adıgözəlovun, Rəşid Şəfəqin, Ceyhun Allahverdiyevin və gənc bəstəkaların əsərləri yer alıb.

Ramil Qasımovun sözlərinə görə, Azərbaycan musiqisinin müxtəlif janrlarının hər biri dünyanın müxtəlif ölkələrində təbliğ olunur və sevilir: "Ölkə rəhbərliyinin apardığı məqsədyönlü, uzaqgörən dövlət gənclər siyasəti, onlara göstərdiyi diqqət və qayğı əvəzolunmazdır. Daim bu qayğıdan ruhlanaraq doğma müasir Azərbaycana, Azərbaycan mədəniyyətinə xidmət etməklə şərəf duyur və yeni töhfələr verməyə çalışıram. Elə bu məqsədlə də "Azərbaycan romansları" adlı CD kompakt disk albomum işıq üzü gördü. Azərbaycan romanslarını bir toplu şəklində hazırlamaqda məqsədim bu janrı Azərbaycanda və onun hüdudlarından kənarda təbliğ etməkdir".

R.Qasımov onu da vurğulayıb ki, CD topluda Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına əməkdar Xalq çalğı alətləri orkestri, Niyazi adına simfonik orkestr, Bakı Musiqi Akademiyasının dosenti Züleyxa Bayramovanın müşayiəti ilə əsərlər lentə alınıb: "Bildiyiniz kimi, Azərbaycan Televiziyası və Radiosu daim milli dəyərləri özündə əks etdirən bir məbədgahdır. Bir zamanlar "Romans axşamı" adlanan veriliş əməkdar incəsənət xadimi, rejissor Etibar Babayevin yeni quruluşunda, yeni gənc ifaçılarla musiqisevərlərə təqdim ediləcək. Səs rejissoru Faiq Babayevdir".