Baş prokuror rektoru günahlandırır

1 Oktyabr 2012 11:35 (UTC+04:00)

"Elşad Abdullayevin qardaşı, Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı 1 il 4 ay ərzində onun ailəsi istintaq orqanları ilə heç bir əməkdaşlıq etməyib". SİA-nın məlumatına görə, bunu baş prokuror Zakir Qaralov bildirib.

"İstintaq dövründə onlar həmişə müxtəlif kriminal ünsürlərlə əlaqə yaradıblar ki, guya qardaşları oğurlanıb, istintaq nə onun qətli, nə də oğurlanmasını sübuta yetirib. Bir daha bildirirəm ki, həmin işin istintaqı bu gün də davam etdirilir. Elşad Abdullayevin bildirdiyinə görə, guya əvvəlki dövrlərdə o qardaşının buraxılması üçün müxtəlif insanlara pullar verib, bütün bunlarla bağlı onda materiallar var. Həmin videoları da o istintaqa təqdim edib, onlar da araşdırılır", - deyə baş prokuror qeyd edib.

Baş prokuror deyib ki, Mahir Abdullayevin tapılması üçün Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri lazımı tədbirlər həyata keçirir.