Dünyanın ən böyük axtarış sistemi olan "Google" bu gün 14 yaşını qeyd edir. SİA-nın məlumatına görə, Google məhz bu gün üçün özəl hazırlanan yeni logosunu nümayiş etdirir.
Bu gün üçün özəl hazırlanan logoda tort və yeni yaşını əks etdirən 14 şam yer alıb. Animasiya xarakterli logoda tortun şamlarının sönməsinin ardınca ekranda Google-in logosu görünür. Daha sonra istədiyiniz məlumatı axtarışa verə bilərsiniz.
Qeyd edək ki, Google dünyanın ən böyük axtarış sistemləri və reklam sahəsində ixtisaslaşmış ABŞ-da yerləşən Transmilli şirkətidir. Google internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı onları inkişaf etdirir. Google öz tarixinə 1996-cı ilin yanvar ayından başlayıb. Həmin dövrdə Kaliforniyadakı Stenford Universitetinin doktorantura pilləsində təhsil alan tələbələri Larry Page və Sergey Brin tərəfindən tədqiqat layihəsi çərçivəsində bu saytı hazırlayıblar. Ənənəvi axtarış sistemləri axtarılan sözlərin hansı saytda neçə dəfə işlədilməsini əsas götürürdüsə, yeni saytda axtarılan saytlar arasındakı əlaqəni analiz edirdi. Larry Page və Sergey Brin başlanğıcda sürətli işləməsi olaraq BackRub adlı bir axtarma sistemi üzərində çalışmağa başladılar. Məqsədləri iri bir məlumat yığını olan interneti bölümləmək və axtarılanları daha asan tapılan bir hala gətirməkdir. Bunun üçün yeni bir texnologiya yaratdılar. Bu texnologiya, interneti klassik sistemlərə görə daha fərqli bir şəkildə tədqiq edirdi. Bu səbəbdən qısa zamanda adları tanınmağa başladı.
Məhsul və Xidmətləri:
"Google Maps" veb xəritə tətbiqetməsidir, pulsuzdur (qeyri-kommersiya məqsədilə), bir çox xəritə əsaslı xidmətləri özündə birləşdirir. Bu xidmət həmçinin küçə xəritələri, nəqliyyat marşrutlarının planlaşdırmalarını təklif edir.
"Google SketchUp" adlı dizayn proqramında əsasən dizayn işləri, müxtəlif modellər, planlar və s çəkmək olur.
"Google Picasa" adlı proqram vasitəsilə kompüterinizdə bütün itmiş, sənədlərin arasına girmiş şəkilləri bu proqram vasitəsilə tapa bilərsiniz.
"Google Earth" proqramı vasitəsi ilə siz bütün Yer kürəsinin modelini görə bilərsiniz. Burada hətta evlərin belə modelini qurmaq olar. Əsasən Coğrafiya ilə bağlı proqramdır.
"Google Chrome" Google tərəfindən yaradılan açıq-qaynaqlı İnternet Brauzeridir.