Bakıda beynəlxalq səhiyyə sərgisi olacaq

23 Sentyabr 2012 11:18 (UTC+04:00)

Bakıda 18-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi keçiriləcək. Sərgi 27-29 sentyabr tarixlərində "Bakı Ekspo" mərkəzində baş tutacaq.

Bu il sərgidə Azərbaycan, Belçika, Rusiya, Türkiyə, İran, Yaponiya və digər ölkələrdən 100-dən çox şirkət iştirak edəcək və burada geniş çeşiddə tibbi məhsul və xidmətlər, eləcə də tibb sahəsinin bütün müxtəlifliyi nümayiş etdiriləcək: tibbi və laboratoriya avadanlıqları, əczaçılıq preparatları, istifadə materialları, dezinfeksiya vasitələri, ortopedik və bir sıra digər məhsullar. Ən yeni preparatlar və həkimlərin təcrübi fəaliyyətində onların səmərəli surətdə tətbiq edilməsi üçün texnologiyalar "Siemens", "Draeger", "Toshiba" və s. bu kimi şirkətlər tərəfindən təqdim olunacaq.

İştirakçılar öz stendlərində səhiyyə sahəsinin ən son nailiyyətlərini - yüksək texnologiyalı diaqnostika və müalicə üsullarını, səmərəli texnologiya və xidmətləri, habelə tibbi texnikanı nümayiş etdirəcəklər.

Qeyd edək ki, "BIHE" sərgisi ilə yanaşı, həmin tarixlərdə, yəni sentyabr ayının 27-dən 29-dək 7-ci Azərbaycan Beynəlxalq "Stomatologiya" Sərgisi və 6-cı Azərbaycan Beynəlxalq "Gözəllik və estetik tibb" Sərgisi "Beauty Azerbaijan-2012" keçiriləcək.