İran erməniləri bilmirlərmi ki...

21 Sentyabr 2012 19:28 (UTC+04:00)

Məhəmməd peyğəmbəri (s.ə.və s.) təhqir edən rəzil film səbəbindən dünyanı çalxalayan etiraz dalğaları demək olar ki, hər bir ölkədə özünü göstərməkdədir. ABŞ kinoindustriyasının bu kimi rəzlətinə etiraz edənlərin sakitləşmələri üçün hətta filmin ssenarisini yazan və rejissorluğunu edənlərin həbs edilmələri də vəziyyətə elə də ciddi təsir göstərmədi. Bu azmış kimi, Fransada nəşr olunan bir dərginin də İslam peyğmbərinin karikaturasını yayması güclü alovun üzərinə yağ tökmüş oldu. Təbii ki, belə hadisələrin baş verməsi təəssüf doğurur. Təəssüf doğurur ki, nəyə görə Qərb insanları bu qədər mənəviyyatsızlığa, ləyaqətsizliklərə rəvac olurlar? Və niyə böyük-böyük təşkilatlar, nüfuzli Qərb siyasi dairələri daha kəskin, daha iti bəyanatlar verməyərək, sanki baş verən hadisələrdən həzz alırlar? Bu sualın cavabını axtarmaqla vaxt itirməyərək, keçirəm həmin mövzuya aid olan başaqa bir məsələyə.

Belə ki, İranda yaşayan erməni icması Məhəmməd peyğəmbəri (s.ə.və s.) təhqir edən filmlə bağlı bəyanat yayıb. Onlar ABŞ-da çəkilən və İslam peyğəmbərini təhqir edən filmi pisləyiblər. Bu bəyanatla Tehran və Şimali İran erməni yeparxiya şurası çıxış edib. İran erməni yeparxiya şurası öz bəyanatında bildirib ki, müqəddəs İslam peyğəmbərinin ünvanına hörmətsizlik və təhqirlərlə dolu olan filmin çəkilməsi və yayılması son günlər dünya müsəlmanlarının, xüsusilə də İran xalqının müxtəlif təbəqələrinin hisslərini təhqir edib: "Şübhəsiz ki, səmavi dinlərə qarşı istənilən hörmətsizlik yaxşı hərəkət sayıla bilməz və İsa peyğəmbərin göstərişlərinə uyğun deyil. Belə hörmətsizliyə yol vermək üçün heç bir əsas ola bilməz". Bəyanatda İranın erməni icmasının adından Tehran və Şimali İran erməni yeparxiya şurasının sözügedən filmi pislədiyi də vurğulanır: "Dinlərin oxşar olduğunu vurğulamaq və təhqiramiz addımlardan çəkinmək insanlığın sülh və sabitliyi qoruması üçün yeganə üsuldur".

Məhz həmin bəyanatı oxuduqdan sonra, belə bir təəccüb yaranır. Görəsən, İranın erməni icması və yeparxiyası həmin bəyanatı yayarkən, heç fikirləşiblərmi ki, bu gün İslam dəyərləri məhz onların soydaşları tərəfindən əsrlər boyu təhqirlərə məruz qalıb? İranın xristian icmasının əsasını təşkil edən erməni yeparxiyası bilmirmi ki, Azərbaycanın işğal olunmuş əzəli torpaqlarında məhz onların millətlərini təmsil edən separatçılar, işğalçılar və terrorçular Şuşa məscidini, Ağdam məscidini və digər başqa müqəddəs yerləri (həmin məscidlərin divarlarında Məhəmməd peyğmbərin (s.ə.və s.) mübarək adı yazılıb, Allahın kəlamları yer alıb –M.) donuz fermalarına çeviriblər? Oraları murdarlayıblar, pis kökə salıblar hətta...

Əlbəttə bilirlər, özü də çox yaxşı bilirlər! Deyilənə görə, erməni işğalçılarının həmin əməlləri törətmələri üçün İran icmasının yeparxiyası onlara "xeyir-dua" da verib. İndi onların İran mollalarının fətvasına gedərək, artistlik etmələri, guya İslamın müqəddəs dəyərlərinin təhqir edilməsini öz təbirlərincə "pisləmələri" təəccüb və təəssüf doğurur. Təəccüb və təəssüf doğurur ki, müqəddəs yerlərimizin təhqir olunması ilə yanaşı, Qarabağda, işğal olunmuş ərazilərimizdə müsəlman məzarları dağıdılır, sökülür, satılır, talan edilir. Təəccüb və təəssüf doğurur ki, Ermənistanda, paytaxt İrəvanda yüzlərlə məscid və camilər yerlə yeksan olunub, sadəcə bir müqəddəs yer – Göy Məscid salamat qalıb ki, hazırda həmin məsciddə İran mollaları İslam dini deyil, panfarsizm və erməni qohumluğu təbliğatı aparırlar.

Bütün bunlardan sonra da durub İslamın təhqirinə qarşı "mövqe" ortaya qoyurlar. Və İranın erməni cəmiyyəti ASALA-nın son bəyanatına da münasibət bildirməliydi! Amma İranın erməni yeparxiyası unutmamalıdır ki, belə artistizmlər siyasətdə keçmir. Çünki ermənilərin hansı yuvanın quşu olmaları bütün dünyaya məlumdur. Bir də ki, quşun (ermənilərin –M.) siyasətlə nə əlaqəsi?