Qırğızıstanlı gənclər Bakıda

21 Sentyabr 2012 16:20 (UTC+04:00)

Qırğızıstanlı gənclər ATGTİ-də qonaq olublar

19 - 22 sentyabr 2012-ci il tarixlərində ölkəmizdə səfərdə olan Qırğızıstan Respublikasının Gənclər, Əmək və Məşğulluq Nazirliyinin əməkdaşları, Qırğızıstanın gənc fəalları dünən ölkənin ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında qonaq olub. ATGTİ-dan SİA-ya verilən məlumata görə, keçirilmiş görüşdə ATGTİ-nin sədri Şahin İsmayilov qonaqlara İttifaq haqda məlumat verərək, onları təşkilatın fəaliyyət istiqaməti ilə tanış ediblər.

Ş.İsmayilov bildirib ki, ATGTİ tərəfi Qırğızıstanın tələbə QHT-ləri ilə təcrübə mübadiləsinə hər zaman hazırdır. Öz növbəsində Qırğızıstan nümayəndə heyətinin rəhbəri Ermek Jakıbekov çıxışında ölkəsində mövcud gənclər siyasəti haqda danışaraq qeyd edib ki, bu gün Qırğızıstanda mövcud olan 56-dan çox universitetin tələbələri bir tələbə QHT-si ətrafında birləşməyib. "Bu baxımdan biz Azərbaycan tərəfinin təcrübəsindən yararlanmaq istəyirik" - deyə, o bildirib. Qonaq onu da əlavə edib ki, son bir neçə ildə Qırğızıstan Türkiyə, Yaponiya, Cənubi Koreya kimi ölkələrlə təhsil əlaqələrini inkişaf etdirə bilib.

Görüşün davamında Qırğızıstan tərəfinin çoxsaylı suallarını cavablandıran Şahin İsmayilov vurğulayıb ki, öz coğrafi mövqeyinə uyğun olaraq, Azərbaycan həm Qərb, həm də Şərq gənclərini birləşdirə biləcək fəaliyyət platforması ola bilər.

Sonda qonaqlara ATGTİ-nin çap məshulları təqdim edilib, qonaqlar isə ATGTİ-yə öz milli mədəniyyətlərini əks etdirən xatirə hədiyyələri təqdim ediblər.