Elektron imza sertifikatı necə verilir?

20 Sentyabr 2012 18:50 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Aparatı üzrə artıq 11 nəfər elektron imza sertifikatı ilə təmin olunub. SİA-nın xəbərinə görə, daha bir elektron imza sertifikatı yaxın günlərdə Xidmətin Sosial xidmətin təşkili sektorunun müdirinə veriləcək. Xidmətdə inzibati vəzifə tutan digər əməkdaşların da elektron imza sertifikatı ilə təmin olunması işləri davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımlarının ödənişinin mərkəzləşdirilmiş qaydada aparılmasına başlanılıb. Artıq 39 rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzində ünvanlı yardımların ödənişi mərkəzləşdirilmiş qaydada elektron imza sertifikatları vasitəsi ilə həyata keçirilir. Bununla bağlı olaraq, xidmətin strukturuna daxil olan 75 rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzindən 68-i artıq elektron imza sertifikatı ilə təmin edilib. Yaxın müddətdə digər mərkəzlərə də elektron imza sertifikatı veriləcək. Ümumilikdə bu vaxtadək nazirliyin Aparatı və struktur bölmələri üzrə 195 ədəd elektron imza sertifikatı alınıb.

Qeyd edək ki, elektron imza informasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı informasiyalara əlavə edilməklə, yaxud onlarla məntiqi əlaqəli olaraq, imza sahibini identikləşdirməyə imkan verən informasiya vasitəsidir. Elektron imza sahibi öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxsdir. Ölkə qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.